Kansler Angela Merkelin bavariyalı müttəfiqləri bildiriblər ki, ölkədə qalmaq istəyən immiqrantlar evlərində də alman dilində danışmalıdırlar. Bu addım çoxlarının etirazına səbəb olub. Xəbəri “Reuters” yayıb.
Berlin koalisiya hökumətinin əməkdaşı və Merkel mühafizəkarlarına yaxın olan Xristian-Sosial İttifaqı (CSU) öz strateji sənəd layihəsini artıq təqdim edib. Sənəd dekabrın 8-də Xristian-Sosial İttifaqı liderləri tərəfindən təsdiqlənəcək. Partiya sözügedən sənəddə bildirir: “Ölkədə daimi əsaslarla yaşamaq istəyən şəxslər ictimai yerlərdə və ailədə də alman dilində danışmalıdırlar”.
Qeyd edək ki, Polşa, Rumıniya və Bolqarıstan kimi Şərqi Avropa ölkələri, həmçinin Suriya müharibəsindən qaçıb sığınacaq axtaranların hesabına Almaniyada immiqrasiyanın səviyyəsi kəskin artıb.
Oktyabrda Münhendə çıxan “Sueddeutsche Zeitung” qəzeti yazırdı ki, Bavariya hər il keçirilən “Oktoberfest” pivə festivalında qaçqınları yerləşdirmək üçün çadırdan istifadə etməli olacaq.
CSU bəzi üzvləri qorxur ki, immiqrantların artması partiyanın ənənəvi tərəfdarlarının AfD - “Almaniya üçün Alternativ” partiyasına keçməsinə səbəb olacaq. AfD partiyası immiqrasiyaya məhdudiyyət qoyulmasını tələb edir. Bu il Almaniyanın sosial müavinət sistemindən sui-istifadə edən immiqrantlara qarşı hücumun arxasında dayanan əsas qüvvə CSU idi.
CSU partiyasının təklifini Merkel hökumətindəki digər partiyalar qınayıblar. “Mənim latın, klingon, ya da hessen dilində danışmağımın siyasətçilərə aidiyyəti yoxdur”, - Merkel koalisiyasının üzvü olan CDU partiyasının baş katibi Peter Tauber bildirib.
Tauberin Merkel hökumətindəki mərkəz-sol sosial demokrat (SPD) həmkarı Yasmin Fahimi də təklifin “tamamilə absurd” olduğunu bildirib. “Dövlətin elə bir səlahiyyəti yoxdur ki, insanların 4 divar arasında hansı dildə danışmasını müəyyənləşdirsin”, - Fahimi Almaniyanın “Bild” qəzetinə deyib.
Almaniyada yaşlıların sayı artır, doğum səviyyəsi getdikcə azalır. Ölkədə dövlət təqaüdünü, iqtisadiyyatı və səhiyyə sistemini təhlükədə qoyan demoqrafik böhranı aradan qaldırmaq üçün immiqrantlara tələbat var. Bəzi almanlar Almaniyanın əcnəbilərin yaxşı iş və həyat axtardığı “əriyən qazana” çevirilməsindən narahatdırlar. /"eunews"


Şərhlər