İyulun 24-də səhər saatlarında Rusiya ordusu Xarkova hücuma keçib.
“AzPolitika” xəbər verir ki, bu barədə şəhərin meri İqor Terexov məlumat verib. İlkin məlumatlara görə, Xarkov “S-300” raketləri ilə vurulub, bir nəfərin həlak olduğu haqda ilkin məlumat var.
Terexovun sözlərinə görə, ilk zərbə şəhər rayonlarından birinin sənaye zonasına endirilib. Orada zərərçəkənlərlə bağlı məlumatlar dəqiqləşdirilir.
Hücum nəticəsində İsveçrənin minalardan təmizləmə xeyriyyə fondunun ofisinin yerləşdiyi binaya ziyan dəyib. İşçilərin əkin sahələrini təmizləmək üçün istifadə etdiyi ən azı altı avtomobilə ziyan dəyib, ofis binaları dağılıb.
İkinci zərbə, özəl sektorun istifadəsində olan ərazilərə düşüb, nəticədə bir nəfər ölüb, binalarda yanğın başlayıb.
Rusiya ilə sərhəddən 40 kilometr aralıda yerləşən Xarkovun atəşə tutulması 2024-cü ildə intensivləşib. Rusiyanın enerji infrastrukturuna hücumları səbəbindən Xarkov əhalisi elektrik enerjisinin kəsilməsindən əziyyət çəkir.
Çərşənbə günü gecə Rusiya ordusu Odessa vilayətinin İzmail rayonuna pilotsuz təyyarələri ilə hücum edib. Bu barədə rayon hərbi administrasiyası məlumat yayıb. PUA-ların beşmərtəbəli yaşayış binasını vurması nəticəsində xəsarət alanlar olub - iki nəfər xəstəxanaya yerləşdirilib. Regional hərbi administrasiyanın rəhbəri Oleq Kiper bildirib ki, pilotsuz təyyarənin hücumu nəticəsində liman infrastrukturunun bir neçə binası zədələnib və yanğın baş verib.
Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı bildirir ki, Rusiya ordusu gecə ərzində Ukraynanın bölgələrinə iki raket və 23 hücum pilotsuz uçuş aparatı ilə zərbə endirib. Hava hücumundan müdafiə qüvvələri əsasən Odessa vilayətində 17 pilotsuz uçan aparatı vurub.
“AzPolitika.info”


Şərhlər