Hələ də ukraynalıların əksəriyyəti hər hansı ərazinin Rusiyaya verilməsinin əleyhinədir. Lakin ictimai rəy sorğuları və ölkə rəhbərliyinin son bəyanatları sülh danışıqlarına doğru nəzərəçarpacaq bir dəyişiklikdən xəbər verir.
“AzPolitika” xəbər verir ki, "The New York Times"-da dərc edilən məqalədə belə deyilir.
Yazıda qeyd olunur ki, getdikcə daha çox ukraynalı hansısa güzəştlər hesabına olsa belə, müharibəyə son qoyulmasına tərəfdardır: “Getdikcə daha çox məyus olan ukraynalılar danışıqlar yolu ilə sülh ideyasına açıq görünürlər, hətta bunun nə demək olduğunu anlamasalar belə. İyulun ortalarında keçirilən sorğu göstərdi ki, ukraynalıların təxminən 44%-i Rusiya ilə rəsmi danışıqların başlanmasının tərəfdarıdır, bir qədər sonra isə başqa bir sorğunun nəticələri göstərdi ki, ukraynalıların demək olar, üçdə biri müharibənin sona çatması üçün ərazinin bir hissəsini Rusiyaya verməyə razı olacaq. Bu, bir il əvvəlkindən üç dəfə çoxdur. Eyni zamanda, bu sorğuda iştirak edənlərin 55%-i istənilən ərazi güzəştlərinə qarşı çıxıb. Müharibədən ən çox zərər çəkmiş bölgələrdən biri olan cənubda son bir ildə Rusiya ilə danışıqlara münasibətin dəyişməsi diqqət çəkir. Respondentlərin yarıdan çoxu bəzi ərazilərin verilməsini dəstəklədiyini bildirib. Bir il əvvəl bu bölgənin sakinlərinin 86%-i (Dnepr, Zaporojye, Nikolayev, Xerson və Odessa) hər hansı bir ərazinin Rusiyaya verilməsinə qarşı olduqlarını bildiriblər”.
Kiyev Beynəlxalq Sosiologiya İnstitutunun icraçı direktoru Anton Qruşetskinin fikrincə, əsas səbəb ötən ilin gözləntilərinin özünü doğrultmamasıdır. Xüsusən də ABŞ-nin hərbi yardımının gecikməsi səbəbindən bir çox ukraynalıların ümidləri puça çıxdı.
Məqalədə vurğulanır ki, Ukraynaya və Rusiyaya hansısa razılığa gəlmək üçün beynəlxalq təzyiqlər artır, baxmayaraq ki, ekspertlər heç bir tərəfin buna hazır olmadığı və nizamlanmaya maneələrin çox böyük olduğunu bildirirlər.
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər