Menu

Tramp-Harris debatı gözlənilir – Keçmiş prezident razılıq verdi, vitse-prezident isə...

03.08.2024, 12:29
Tramp-Harris debatı gözlənilir – Keçmiş prezident razılıq verdi, vitse-prezident isə...

Məlum olduğu kimi, bir neçə gün öncə ABŞ-nin keçmiş prezidenti Donald Tramp hazırkı vitse-prezident Kamala Harrislə debatdan imtina etmişdi. Onun bu qərarı debatdan qorxması kimi izah edilirdi və bunun seçki kampaniyasına çox mənfi təsir edəcəyi deyilirdi.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Tramp sentyabrın 4-də “Fox News”-un moderatorluğu ilə keçirilən tədbirdə vitse-prezident Kamala Harrislə debat keçirməyə razılaşıb. Bu barədə məlumat verən “The New York Times” yazır ki, əgər debat baş tutarsa, bu, seçki dövründə ikinci prezident debatı və Trampla yeni demokratik namizəd arasında ilk debat olacaq.

Trampın sosial şəbəkə səhifəsindəki paylaşımına görə, debat seçkinin taleyini həll edə biləcək əsas ştatlardan biri olan Pensilvaniyada keçiriləcək. Harrisin debata və ya onun şərtlərinə razı olub-olmadığı bəlli deyil. Onun seçki qərargahının nümayəndələri hələlik bu məsələni şərh etməyiblər.

Tramp onu da bildirib ki, “Fox News” kanalında debat canlı auditoriya qarşısında baş tutacaq. Prezident Bayden və Tramp arasında ilkin debat boş otaqda baş vermişdi. Baxmayaraq ki, Tramp bunun əleyhinə idi. Tramp həmçinin, Harrisi demokratların yeni namizədi kimi qəbul etməyə “tam hazır olduğunu” deyib.

Qeyd edək ki, avqustun 2-də ABŞ-nin vitse-prezidenti Kamala Harris prezidentliyə namizədliyini rəsmiləşdirmək üçün Demokratlar Partiyasının nümayəndələrindən kifayət qədər səs toplayıb. Bununla bağlı səsvermənin yekun nəticələri avqustun 6-na keçən gecə məlum olacaq.

Harris gələn həftə hələ adı açıqlanmayan vitse-prezidentliyə namizədi ilə əsas ştatlarda təşviqat tədbirləri keçirəcək. Medianın yazdığına görə, Harrisin vitse-prezidenti Pensilvaniya qubernatoru Coşua Şapiro olacaq.

C.Məmmədov

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol