Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin qətlə yetirilməsindən sonra İran hərbi-siyasi rəhbərliyi İsraildən qisas alınacağını vəd edib. İran İslam İnqilabi Keşikçiləri Korpusu (SEPAH) dünən yaydığı bəyanatda bildirib ki, Haniyənin qətli İsrail tərəfindən planlaşdırılaraq həyata keçirilib, ABŞ trəfindn dəstəklənib.

SEPAH bəyan edib ki, terror aktı yaxın mənzilli raket vasitəsi ilə 7 kiloqram partlayıcı başlığı olan raket vasitəsi ilə icra olunub.

İranın cavab tədbirlərinə qarşı İsrailin müttəfiqləri hərəkətə keçib və Yaxın Şərqə irimiqyaslı zərbə qruplaşmaları, ən müasir silahlar göndərilir. Qərb mediasının yazdığına görə, Birləşmiş Ştatlar bölgədəki hərbi varlığını aşağıdakı qüvvələrlə gücləndirir:

- “USS Teodor Ruzvelt” təyyarə gəmisi Hörmüz boğazına gəlib;

- “USS Avraam Linkoln”-un rəhbərlik etdiyi təyyarə zərbəsi qrupu bölgəyə doğru yola düşüb;

- Daha bir beşinci nəsil döyüşçü eskadrosu “F-22A Raptor” Yaxın Şərqə transfer olunub;

- “B-2” strateji bombardmançısı Qətərdəki bazaya enib;

- ABŞ Hərbi Dəniz Qüvvələrinin ballistik raketləri vurma qabiliyyətinə malik 12 kreyser və qırıcıları İsrailə doğru istiqamət götürüb;

- 4000 ABŞ dəniz piyadalarından ibarət batalyonun içində olan “USS Wasp” (LHD 1) eniş gəmisinin rəhbərlik etdiyi ARG Sürətli Cavab Komandası Krit adasına köçürülüb. ARG Qrupuna “F-35B” bombardmançılarından ibarət eskadr daxildir.

- ABŞ Yaxın Şərq bölgəsi boyunca əlavə hava müdafiə sistemləri yerləşdirib.

Maraqlıdır, ABŞ nəhəng hərbi qüvələri Yaxın Şərqə köçürməklə yalnız İranın İsrailə qarşı cavab zərbələrini önələmək istəyir, yoxsa, başqa niyyətlər var? Məlumdur ki, qeyd olunan ən müasir döyüş texnologiyalarının regiona yerləşdirilməsi İranın 3-cü nəsil zəif raket sistemlərinə adekvat deyil. Ötən ilin payızında HƏMAS-ın İsrailə hücumu və daha sonra İsrail Livanda İran konsulluğunu dağıdaraq generallarını, diplomatlarını öldürən zaman, habelə Husilərə qarşı Qırmızı dənizdə əməliyyatlar keçirilərkən Birləşmiş Ştatlar hərb maşınını Yaxın Şərqə məhdud sayda – hücumun ehtimal olunan miqyasına uyğun olaraq transfer etmişdi.

İndi nə baş verir, qarşıda Vaşinqton müttəfiqləri ilə İrana qarşı hansı addımları atmaq niyyətindədir?

Bu sualın cavabı yəqin ki, yaxın günlərdə İranın İsrailə qarşı cavab tədbirləri zamanı aydınlaşa bilər. Təbii ki, Tehran qarşısındakı nəhəng hərbi qüdrəti özünə qarşı çevirmək kimi sərsəm niyyətə düşməzsə…

Güman etmək olar ki, İran hakimiyyəti gurultulu təhdid bəyanatlarına rəğmən, yenə də ölçülü-biçili addımlara üstünlük verəcək. Bu xına, o xınadan deyil…

E.Rüstəmli

“AzPolitika.info”