Ukraynanın Kursk vilayətindəki uğurlu əməliyyatı təkcə Rusiya hərbi-siyasi rəhbərliyini deyil, Kreml təbliğatçılarını da çaş-baş salıb.
“AzPolitika” xəbər verir ki, Vladimir Solovyovun Rusiya televiziyasındakı tok-şousunda kinorejissor Karen Şahnazarov gözlənilmədən Rusiyanın müharibədə uduzacağından danışmağa başlayıb.
O, Kursk vilayətində baş verənləri şərh edərkən deyib: “Biz ondan çıxış etməliyik ki, uduza bilərik. Bilərik! Əgər bundan sonra da bu cür səhvlərimiz olacaqsa, uduzacağıq. Bu, təslimçilik, panikaya qapılmaq deyil. Bu, tam mənada bizim və vətənimizin ödəməli olduğu qiyməti anlamaqdır”.
Bundan sonra Şahnazarov Stalini xatırlayıb və əlavə edib ki, rusların bəzi stimullara ehtiyacı var: "Görünür, bizim daxildə güclü stimullara ehtiyacımız var. Ondan ötrü ki uduzsaq, başımıza nə gələcəyi ilə bağlı beynimizdə bir təsəvvür yaransın".
Solovyov isə ənənəvi olaraq nüvə müharibəsini nəzərdə tutaraq, Rusiya məğlub olacağı halda Rusiyasız bəşəriyyətin də məhv olacağını deyib: "Bəşəriyyət olmayacaq. Ölkə(Rusiya) olmayacaq, amma bəşəriyyət də olmayacaq".
“AzPolitika.info”

Şərhlər