Qəzza zolağında atəşkəslə bağlı Dohada keçirilən danışıqlar cümə günü dayandırılıb. Nümayəndə heyətləri gələn həftə yenidən görüşməlidir.
“AzPolitika” “Reuters” agentliyinə istinadla xəbər verir ki, onlar İsrail və HƏMAS arasında hərbi əməliyyatların dayandırılmasına dair razılaşmanın şərtləri ilə bağlı müzakirələri davam etdirəcəklər. 2023-cü il oktyabrın 7-də İsrailə hücumdan sonra HƏMAS tərəfindən saxlanılan girovların azad edilməsi ilə bağlı müzakirələr də davam edəcək.
ABŞ, Qətər və Misirin birgə bəyanatında deyilir ki, Vaşinqton son həftələrdə ifadə olunan mövqeləri nəzərə alaraq yeni təklif təqdim edib. Bu təkliflər tezliklə razılığa gəlmək yolunda "boşluqları bağlamalıdır". HƏMAS-ın Siyasi Büro üzvü Hossam Badran cümə axşamı günü verdiyi açıqlamada İsrailin davam edən əməliyyatlarının atəşkəs razılaşmasına maneə olduğunu bildirib. İsrail nümayəndə heyətinə kəşfiyyat rəhbəri David Barnea, daxili təhlükəsizlik rəisi Ronen Bar və girovların rəisi Nitzan Alon daxildir.
Qeyd edək ki, danışıqlar üçün Ağ Ev Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və ABŞ-nin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Brett Makqurku Dohaya göndərib. Qətərin Baş naziri Şeyx Məhəmməd bin Əbdülrəhman Əl Tani və Misir kəşfiyyatının rəhbəri Abbas Kamel də Dohada olublar.
“AzPolitika.info”


Şərhlər