Menu

Zahid Orucun seçicilərlə görüşləri davam edir - VİDEO+FOTOLAR

17.08.2024, 14:34
Zahid Orucun seçicilərlə görüşləri davam edir - VİDEO+FOTOLAR

1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikasının Milli Məclisinə keçirilən seçkilərdə 33 saylı Xətai 1-ci seçki dairəsindən namizəd Zahid Orucun seçki təbliğatı və təşviqatı davam edir. 

Növbəti görüş Məzahir Rüstəmov küçəsi 20-də yaşayan bir qrup sakin, o cümlədən ərazidə yerləşən, ölkəmizdə parlaq təhsil nailiyyətləri ilə xüsusi fərqlənən Zəkalar litseyinin bir qrup müəllimi və tələbələri ilə görüş keçirildi. Əvvəlcə bildirildi ki, Seçki Məcəlləsinin tələblərinə görə təhsil müəssisələrində görüşlər qadağan olunduğu üçün yalnız həmin ərazidə məhəllə, küçə və qəsəbələr üzrə məhdud saylı insanlarla ünsiyyət imkanı var və qanunvericiliyin tələbinə uyğun olaraq, deputatlığa namizəd çoxsaylı seçicilərlə görüşləri rəsmən ayrılan açıq və qapalı yerlərdə keçirməsinə baxmayaraq, bilavasitə vətəndaşların ayağına gəlməyi, təmsil etməyə çalışdığı əhalinin arzu və istəkləri ilə bilavasitə tanış olmağı üstün tutduğu fakt kimi təqdim olundu.

Öncə deputatlığa namizədin vəkilləri sosioloq alim Əfqan Vəliyev, politoloqlar İlyas Hüseynov və Tural İsmayılov Zahid Orucun platforması haqqında danışdılar, onun keçdiyi həyat və siyasi yoldan bəhs etdilər. Daha sonra Zahid Oruc seçicilərlə səmimi fikirlərini bölüşdü və birinci növbədə, təhsil sistemini milli təhlükəsizliyin ayrılmaz hissəsi adlandıraraq, Ulu Öndər Heydər Əliyevin müəllimə və şagirdə, tələbələrə ən yüksək münasibətindən danışaraq, düşmənə qarşı müharibəni aparan silahsız ordunun məhz məktəblərimiz olduğunu vurğuladı. Son 20 ildə minlərlə təhsil ocağının yenidən inşa və bərpa edilməsi ilə yaradılan misilsiz təhsil infrastrukturuna baxamayaraq, hələ də qəzalı şəraitdə çalışan müəllimlərimizin fədakarlığını səngərdə xidmət çəkən əsgər və zabitlərimizlə müqayisə edən natiq, görüşdə iştirak edən Zəkalar litseyinin bir qrup tələbəsini respublikamızın fəxri adlandırdı. Təhsil müəssisənin dərin elmi biliklərə yiyələnən çoxsaylı yetirmələri qəbul imtihanalarında ən yüksək göstəriciyə nail olmaqla, beynəlxalq olimpiadalarda-Britaniya, Amerika, Birləşmiş Ərəb Əmirliyi və digər ölkələrdə nailiyyətlər qazanırsa, deməli ölkəmizin gələcəyi belə parlaq gənclərdədir.

Ona görə də Zahid Oruc irəli sürdüyü platformada və ötən on illər millət vəkili kimi iqtisadi, siyasi, sosial, texnoloji, bir sözlə həyatınızın bütün sferalarında xalqımızın irəli getməsi təhsilə daha yüksək sərmaye və ünvanlı yatırımlar edilməsi prinsipini ən yüksək tribunalardan dilə gətirdiyini söylədi. O şagirdləri evlərdən məktəbə qaytarmaq, bağçaların sayının kəskin azlığından xilas olmaq üçün millət vəkili kimi daim mühüm təkliflərlə çıxış etdiyini diqqətə çatdırdı.

Vətən müharibəsində qələbəmizin ən böyük nəticəsi kimi təsis oluan Qarabağ Universitetinin xalqımızın mənəvi-intellektual inkişafına mühüm töhfələr verəcəyinə inandığını söyləyən natiq Qafqazın Harvardını yaratmaq üçün uğurlu beynəlxalq təcrübələrdən bəhs etdi və istedadlı gəncləri ölkəmizə qaytarmağın vacibliyindən, beyin axının qarşısının alınmasından danışdı.

“İndi müqəddəs Böyük Qayıdış qarşısındayıq. 30 ildən sonra doğma torpaqlarına dönən hər bir ailə ilə yaxından çalışmaq, onların dayanıqlı məskunluğunu təmin etmək və dağıdılmış ərazilərdə həyatı canlandırmaq ordumuzun işi qədər müqəddəs vəzifədir. Biz postmüharibə sindromunu-amansız savaşdan sabit həyata dönüşün çətinliyini yaşayan Birləşmiş Ştatlar, yaxud Almaniyanın təcrübəsində olduğu kimi, ölkəmizdə də özünə qəsd edən hər bir əsgər və zabiti necə qoruyacağımızın yollarını tapmalıyıq. İndi ata-baba yurduna qayıdan insanları müxtəlif mənəvi-psixoloji, o cümlədən mədəni və sosial qayğı ilə əhatə etməsək, düşmən hər gün mina, məmur diqqətsizliyi, kommunikasiya boşluğunu ələ alıb Qayıdışa qarşı təxribatlarını gücləndirəcəklər. Universitetlərimiz, ali təhsil ocaqlarımız millətimizin qabaqcıl qüvvələridir. Uzun on illər təkcə ölkəmizdə deyil, həm də beynəlxalq miqyasda Heydər Əliyev Fondu ən böyük sosial xidmətçi olduğunu sübuta yetirib. Zəkalar Liseyinin şagirdlərinin yüksək nailiyyətləri nəinki təkcə bir məktəbin, ərazinin və rayonun, eləcə də bütövlükdə ölkəmizin sərvətidir və hamımız onunla fəxr edirik”-deyən Zahid Oruc bundan sonra da böyük uğurların davamlı olması üçün bir sıra istək və arzularını bölüşdü.

Növbəti görüş şəhidimiz Vüsal Şahmarlının ailəsinin ziyarəti, şəhidimizin yaşadığı Sarayevo küçəsi 15-in sakinləri ilə, ərazidə yerləşən 138 nömrəli məktəbin bir qrup müəllimi ilə oldu.

Şəhidimizin atası Mərdan Şahmarlı bildirdi ki, 2016-cı ilin aprel döyüşlərində Vüsal ön cəbhədə mətinliklə vuruşanlardan biri idi. Oğlunun inanclı bir gənc olduğundan bəhs edən ata torpaqlarımızın işğaldan azad edilməsini müqəddəs vəzifə kimi qəbul edən övladı ilə qürur duyduğunu, həmin ali məqsəd naminə 27 sentyabr 2020-ci ildən hələ bir neçə gün qabaq təlimlərə qatıldığını, Vüsalın boy-buxunlu, cüssəli bir döyüşçü kimi onun hərbi hissədə xüsusi tapşırıqlar üzrə qrupa daxil edildiyini vurğuladı. 44 günlük Vətən Müharibəsində topatıcı hərbçi kimi mühüm əməliyyatlarda, xüsusilə, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak edən Vüsal Şahmarlı ölümündən bir neçə gün qabaq, 9 oktyabrda onları gözləyən ağır tapşırığı nəzərə alaraq, atasından halallıq aldığını və onu anasından gizli saxlamağı xahiş edir. Həmin günlər bir-birinin ardınca Ali Baş Komandanın xalqımıza qələbə müjdələri verilirdi və düşmən təslim olduqca, geri çəkildikcə daha da aqresivləşirdi. 18 oktyabr 2020-ci ildə Füzulinin işğaldan qurtulması münasibətilə ailəsi ilə əlaqə saxladıqdan 40 dəqiqə sonra snayper atəşi ilə şəhid olaraq canını torpağa fəda etdi.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Şahmarlı ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Mərdan Şahmarlı bildirdi ki, o, siyasi prosesləri yaxından izləyir, ailə üzvü rayonun ictimai tədbirlərində fəal iştirak edir, ona görə də Zahid Orucun Parlamentdəki fəaliyyətini yüksək qiymətləndirir, ona ehtiramla yanaşır və gələcək işlərinə dərin inam bəsləyir. Belə bir fəal millət vəkilliyi keçmişi olan Zahid Orucun bu dəfə onların yaşadığı ərazidən namizəd olmasını alqışladıqlarını bildirən Mərdan Şahmarlı 1 sentyabrda bütün bina və ərazi sakinlərinin seçkilərdə fəal iştirak edəcəklərini, səslərini layiqli namizəd kimi ona verəcəklərini bildirdi.

Şəhdimizin atası yerli hakimiyyət rəhbərliyinin bütün şəhidlərimizə, o cümlədən onlara, qazilərə qayğıkeşliklə yanaşdıqlarından razılıq etdi.

Daha sonra sakinlərlə səmimi şəraitdə görüş keçirildi. Əvvəlcə namizədin vəkilləri tarixçi Əfqan Vəliyev, politoloq İlyas Hüseynov və politoloq, teleaparıcı, Azərbaycan Yazıçılar Birliyinin üzvü Tural İsmayılov Seçki Qərargahının hədəfləri və məqsədləri barədə seçiciləri məlumatlandırdı, Zahid Orucun seçki dövrü üçün gördüyü işlər və planlarının yer aldığı “Xüsusi Buraxılış” görüş iştirakçılarına paylandı. Bina sakinləri arasında müxtəlif vəzifələrdə çalışan, fərqli peşə sahəsindən olanlar, ətraf məktəblərdə dərs deyən müəllimlər, fəhlələr, rəssam və toxucular iştirak edirdi.

Xətaidə xeyli uğurlu işlər görüldüyünü, xüsusilə abadlıq və quruculuq tədbirlərinin heç bir rayonla müqayisə olunmayacaq dərəcədə çox olduğunu vurğulayan Zahid Oruc ali məqsədinin yerli hakimiyyət , dövlət və hökumət orqanları ilə birgə çalışaraq “Abad və Yaşıl Xətai”nin qurulması olduğunu dilə gətdirdi. “Bizim on illərlə idarəemə təcrübəmiz var, xalqa ləyaqətlə xidmət etmək müqəddəs borcumuzdur”, deyən natiq son bir həftədə vətəndaşlar tərəfindən qaldırılan bir çox problemin aidiyyəti qurumların gücü ilə həll edildiyini və uğurlu işlərin davam etdiriləcəyinə hamını əmin etdi. “Bütün şəraitlərdə nikbinliyi və inamımızı qorumaq bizə ən ağır problemlərin öhdəsindən gəlməyə iradə verib və artıq siyasi yolumuzdan, qalib vətəndaşlarımıza usanmadan xidmət etməkdən bizi heç kim döndərə bilməz”, deyən Zahid Orucun nitqi alqışlarla qarşılandı.

Daha sonra çıxış edən müəllimə Aytən Məmmədova 1600 yerlik məktəbin təhsil uğurlarından danışaraq, sağlam kollektivə malik olduqlarını, hər bir şagirdin mənəvi-intellektual inkişafı üçün fədakarlıqla çalışdıqlarını vurğuladılar, dövlətimizdən müəyyən istəklərini dilə gətirdilər. Yeni tədris korpusunun inşası, bir növbəli qrafikə keçilməsi və cari təmir işlərinin həyata keçirilməsi təkliflər sırasında idi.

Çıxış edən sakinlər ərazidə abadlıq işlərinin genişləndirilməsi, istirahət guşələrinin yaradılması və uşalqar üçün əyləncə mərkəzlərinin yaradılması, Gənclər evinin qurulması, işıqlandırma sisteminin gücləndirilməsi və işsizlik probleminin aradan qaldırılması üçün Zahid Orucdan gələcəkdə aidiyyatı qurumlarla birgə qətiyyətlə çalışmağı xahiş etdilər.

Görüşün sonunda Zahid Oruc sakinlərlə məhəlləni gəzdi, onların suallarını cavablandırdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol