“Tesla”nın sahibi, milyarder İlon Mask Çeçenistan rəhbəri Ramzan Kadırova “Cybertruck” elektrik avtomobili bağışladığı barədə mediada yayılan xəbərləri təkzib edib.
Mask sosial şəbəkə istifadəçilərindən birinin yazdıqlarına cavab olaraq bildirib: “Siz o qədər geri fikirdəsiz ki, mənim rus generalına “Cybertruck” verdiyimə inanırsız? Bu, ənənəvi medianın nə qədər aldadıcı olduğuna daha bir misaldır. Bir iş adamı niyə Amerikanın sanksiyaları altında olan, açıq şəkildə ABŞ-nin əleyhinə işləyən bir ölkəyə hərbi istifadəyə hazır maşınlar versin?”
Xatırtladaq ki, Kadırov damına pulemyot quraşdırılmış “Cybertruck”-də Qroznı ətrafında hərəkət etdiyini əks etdirən video yayımlayıb. Çeçenistan rəhbəri “Tesla Cybertruck” elektrik avtomobilini “hörmətli İlon Maskdan” aldığını bildirib.
“Çox rahat avtomobildi, belə əla xüsusiyyətlərə əsaslanaraq, o tezliklə xüsusi hərbi əməliyyat zonasına göndəriləcək. Orada ona tələbat olacaq, bunun üçün müvafiq şərait yaradılıb”, - Çeçenistan rəhbəri yazıb. O, həmçinin Maskı Qroznıya səfərə dəvət edib.
Kadırov və Mask 2022-ci ilin yazında, amerikalı milyarder Rusiya Prezidenti Vladimir Putini döyüşə çağırdıqdan sonra sosial şəbəkələrdə açıq şəkildə ünsiyyət qurublar.
Rusiyanın Ukraynaya qarşı müharibəsi başladıqdan sonra ABŞ və Aİ Moskvaya dəbdəbəli malların, o cümlədən avtomobillərin tədarükünə qadağa qoyub. Rusiyada “Cybertruck”-un qiyməti 13-35 milyon rubl arasında dəyişir. İlk belə avtomobil 2024-cü ilin mayında Moskvada peyda olub.
2019-cu ilin sentyabrında Belarus lideri Aleksandr Lukaşenko Maskın hədiyyə etdiyi avtomobil haqqında danışıb. "Mənim bir “Tesla” elektrikli avtomobilim var, onu Mask mənə verdi" deyib. Milyarder Lukaşenkonun dediklərini də təkzib etmişdi.
“AzPolitika.info”


Şərhlər