Savaş başladılandan 2 il yarım ötsə və çox ayda sanksiya tətbiq edilsə də, Rusiya təbii qazı hələ də Avropaya Ukrayna ərazisindən keçən boru kəmərləri şəbəkəsi ilə ötürülür. Ukrayna Rusiyanın Kursk vilayətinə daxil olub, Sudja şəhəri yaxınlığındakı qazölçmə stansiyasını ələ keçirəndən sonra da durum dəyişməyib.
"The Associated Press" Rusiya qazının Ukraynadan keçərək axıdılmasının əsas məqamlarını göstərən açıqlayıcı məqalə dərc edib.
Ukraynanın boru kəmərlərindən keçən Rusiya qazı kimə çatır?
Qərbi Sibir qaz mədənlərindən axan maye qaz Sudjadan Ukrayna sərhədini aşaraq həmin ölkənin boru kəmərləri sisteminə ötürülür. Bu boru kəmərləri Ukrayna-Slovakiya sərhədindən Avropa İttifaqı ərazisinə daxil olandan sonra şaxələnir və qazı Avstriya, Slovakiya və Macarıstan müəssisələri arasında paylaşdırır.
Təbii qazdan elektrik enerjisi istehsalında, sənaye proseslərinin enerji ilə təminatında və bəzi hallarda evlərin qızdırılmasında yararlanırlar.
Sudja ölçmə stansiyasında durum necədir?
Qaz əvvəlki qaydada axmağa davam edir. Ukrayna özünün boru kəməri sistemindən axan qazı istənilən vaxt kəsə bilərdi. Hərbi sirlər, eləcə də jurnalist və müşahidəçilərə çıxışın olmaması stansiyaya hazırda kimin nəzarət etdiyini dəqiqləşdirməyi çətinləşdirir.
Ukrayna qaz ötürmə sistemi şirkətinin məlumatına görə, avqustun 13-də Sudja stansiyasından 42.4 milyon kubmetr qazın keçməsi nəzərdə tutulmuşdu. Bu, təxminən son 30 günün ortalama göstəricisinə uyğundur.
Nə üçün hələ də Rusiyadan Avropaya qaz gedir?
Ukrayna və Rusiyanın müharibədən öncə əldə etdiyi beş illik razılaşmaya görə, Rusiya Avropaya Ukraynanın boru kəməri sistemi ilə bəlli həcmdə qaz göndərməyə razılıq verib. Bu boru kəməri sistemi hələ hər iki ölkə SSRİ-nin tərkib hissəsi olduğu dövrdə yaradılıb.
"Qazprom" bu qazın satışından pul qazanır, Ukraynaya isə tranzit ödəmələri çatır. Bu razılaşma bu ilin sonunadək sürəcək. Ukraynanın enerji naziri Qerman Qaluşşenko bildirib ki, Ukraynanın bu sazişi uzatmaq, yaxud əvəz etmək niyyəti yoxdur.
Müharibədən öncə Rusiya boru kəmərləri vasitəsilə Avropanın təbii qaz ehtiyacının 40 faizə qədərini təchiz edirdi. Qaz dörd boru kəməri sistemi ilə nəql olunurdu. Onlardan biri Baltik dənizinin altından, ikincisi Belarus və Polşadan, üçüncüsü Ukraynadan keçirdi. Dördüncüsü isə Qara dənizin altından və Türkiyədən keçərək Bolqarıstana gedən "Turk axını" kəməri idi.
Savaş başlayandan sonra Rusiya ödəmələrin rublla edilməsi ilə bağlı mübahisələri əsas gətirərək Baltik dənizi və Belarus-Polşa boru kəmərləri vasitəsilə axıdılan qazın çox hissəsini kəsib. Baltik kəməri sabotaj aktı nəticəsində partladılıb. Ancaq bu hücumun detalları hələ də tam aydınlaşdırılmayıb.
Rusiyanın qaz axınını dayandırması Avropada enerji böhranı doğurub. Almaniya borularla deyil, gəmilərlə daşınan mayeləşdirilmiş təbii qazı idxal edə bilmək üçün üzən terminalların quraşdırlmasına milyardlarla avro xərcləməyə məcbur qalıb. Qiymətlər artdıqca istehlakçılar da daha çox qənaət etməyə başlayıblar. Yaranan boşluğu dolduran Norveç və ABŞ Avropada iki ən iri qaz təchizatçısına çevrilib.
Rusiyanın qaz nəqlini dayandırmasını enerji şantajı kimi görən Avropa 2027-ci ilədək Rusiyadan qaz idxalını tam dayandırmaqla bağlı planlarını açıqlayıb.
Təbii qaz ixracından qazanılan pullar Rusiyanın dövlət büdcəsini dəstəkləyir və rublun gücləndirilməsinə kömək edir. Ancaq bununla yanaşı, Rusiya qazı heç vaxt yasaqlanmayıb. Bu, Avropanın keçmişdə və bəlli anlamda indi də Rusiya enerji qaynaqlarından nə dərəcədə asılı olduğunun bariz göstəricisidir.
Sudjadan keçən qaz nə dərəcədə önəmlidir? Avropanın qaz idxalının 3 faizə qədəri Sudjadan keçir. Ötən il bu göstərici təxminən 15 faiz idi. Enerji idxalatçısı olan və enerji qiymətlərinin artması nəticəsində yüksək inflyasiya ilə üzləşən Avropa narahatdır. Sudja axını Avstriya, Slovakiya və Macarıstan üçün vacibdir. Bu axın olmasa, həmin ölkələr yeni təchizat mənbələri tapmağa məcbur qalacaq.
“AzPolitika.info”


Şərhlər