Şahmat üzrə dünya çempionu Harri Kasparov Almaniyanın “Bild” qəzetində reklam səhifəsini alaraq ora ukraynalı əsgərlərin olduğu qəbiristanlığın fotoşəklini və Almaniya kansleri Olaf Şoltsa Ukraynaya lazım olan hərbi yardımı göstərməsi üçün müraciət yerləşdirib.
“AzPolitika” xəbər verir ki, dünya çempionu “Almaniya artıq dünyanı uçuruma sürükləyib, bunun bir daha baş verməsinə imkan verməyin, Ukraynaya həqiqətən ehtiyacı olan hərbi yardımı verin” yazısını fotonun altında yerləşdirib.

Kasparov bu addımı Almaniya hökumətinin Ukraynaya hərbi yardımı kəsmək barədə mümkün qərarının müzakirəsi fonunda atıb. “Frankfurter Allgemeine Sonntagszeitung” qəzeti yazır ki, Almaniyanın maliyyə naziri Kristian Lindner artıq müdafiə naziri Boris Pistoriusa məktub göndərərək ondan sənaye müəssisələrindən silah alınması üçün növbəti sifarişləri təsdiqləməməyi xahiş edib. Harri Kasparov 2005-ci ildə şahmat karyerasını bitirdiyini elan edib, bundan sonra Rusiyada siyasi fəaliyyətlə məşğul olub. O, “Başqa Rusiya” müxalifət koalisiyasının liderlərindən biri olub, sonra 2011-2012-ci illərdə Putinə qarşı kütləvi etirazlar zamanı Rusiya müxalifətinin Koordinasiya Şurasına üzv seçilib.
2013-cü ildə Kasparov hakimiyyətin təqiblərindən qorxaraq Rusiyanı tərk edib. Keçmiş şahmatçı xaricdə olarkən müxalif Azad Rusiya Forumunu təsis edib və Ukraynada müharibə başlayandan sonra Rusiya Müharibə Əleyhinə Komitəsinin yaradıcılarından biri olub. Hər iki ictimai təşkilat Rusiya hakimiyyəti tərəfindən “arzuolunmaz təşkilat” kimi tanınır.
“Bild”, bir milyon nüsxədən çox tirajla Almaniyanın ən böyük illüstrasiyalı qəzetidir. Gündə 20 milyondan çox insan onu elektron şəkildə oxuyur.
“AzPolitika.info”


Şərhlər