Rusiyanın Kursk vilayətində növbədənkənar qubernator seçkiləri elan edilib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Kreml Ukraynanın hücum əməliyyatları davam edən, ərazisinin bir hissəsi işğal edilən, 100 minlərlə sakini qaçqın düşən Kursk vilayətində növbədənkənar seçki keçirmək qərarına gəlib.
Əvvəlcə 6-9 sentyabr tarixlərinə planlaşdırılan seçkinin vaxtı irəliyə çəkilib və avqustun 29-na təyin edilib. Regional seçki komissiyası qərarın “Rusiya Federasiyası vətəndaşlarının təhlükəsizliyini, həyat və sağlamlığını təmin etmək məqsədilə” qəbul edildiyini bildirib.
Xəbərdə deyilir ki, hakim “Vahid Rusiya”dan qeydə alınmış namizəd, qubernator vəzifəsini icra edən Aleksey Smirnov öz “teleqram”ında səsvermənin “son dərəcə çətin bir şəraitdə” keçəcəyini yazıb.
Qeyd edək ki, əvvəlki qubernator Roman Starovoyt 2024-cü ilin mayında Rusiyanın Nəqliyyat naziri təyin edildikdən sonra istefa verib.
Xatırladaq ki, avqustun 6-da Kursk vilayətinə daxil olan Ukrayna ordusu Sudja şəhəri də daxil omaqla, 100-dən çox yaşayış məntəqəsinə və 1300 kvadrat kilometrə qədər əraziyə nəzarət etdiyi bildirilir.
“AzPolitika.info”


Şərhlər