Şəxsiyyət vəsiqəsinin isə dəlixanada qaldığı bildirilir

Azadlıq Radiosunun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayılın həbsi ilə bağlı sirr pərdəsi yavaş-yavaş çözülür. Keçmiş iş yoldaşı, yaxın dostluq münasibətlərində olduğu Tural Mustafayevi “intihar həddinə çatdırması” iddiası ilə barəsində 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilən jurnalistlə bağlı əməliyyatın arxasından maraqlı detallar üzə çıxır.

Öncə T.Mustafayevin keçmiş nişanlısı Rövşanə Rəhimlinin “Meydan TV”yə verdiyi müsahibə ilə bağlı iddialarına aydınlıq gətirək. Tural Mustafayev daha öncə sosial şəbəkədə elan etmişdi ki, R. Rəhimlinin müsahibəsi təhrif olunub və müsahibə SMS vasitəsilə götürüldüyü üçün məzmunu dəyişdirilib, orada redaktələr edilib. Həmin müsahibədə isə R.Rəhimli T.Mustafayevlə ayrılmalarına sonuncunun psixoloji problemlərinin səbəb olduğunu demişdi.

Sözügedən müsahibənin müəllifi, “Meydan TV” ilə əməkdaşlıq edən tanınmış jurnalist Aynur Elgünəş “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, T.Mustafayevin keçmiş nişanlısından aldığı müsahibədə heç bir təhrif yoxdur: “Rövşanə xanım mənə 6-cı gün səhər zəng elədi. Xədicə İsmayıl tutulmuşdu artıq. Dedi ki, bir xəbər var, onun ”Meydan"da getməsini istəyir. Özü ilə danışdım, sonra mənə mesaj da yazdı. Ondan soruşdum ki, Turalla Xədicə İsmayıla görə ayrılmısız? Dedi, “əlbəttə yox. Psixoloji və maliyyə problemlərimiz var idi”. Amma xahiş etdi ki, onunla bağlı açıqlamada Xədicənin adını çəkməyim. Mən də çəkmədim".

Rövşanə Rəhimli dekabrın 8-də “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, müsahibədə yazılanlar həqiqəti əks etdirir. O, T. Mustafayevin bu barədə dediklərini şərh etmək istəmədi və bu barədə mətbuata heç bir açıqlama verməyəcəyini dedi. Onun sözlərinə görə, istintaqda bu mövzu ilə bağlı hər hansı açıqlama verməyəcəyi yönündə iltizam verib.

Bu arada “Yeni Müsavat” Tural Mustafayevlə bağlı ciddi bilgilər də əldə edib. Məlum olub ki, bu şəxsin son iş yerlərindən biri ann.az saytı olub. Bundan başqa, o, cumhuriyyet.info və publika.az saytları ilə də əməkdaşlıq edib. Ötən ilin martından sonra T.Mustafayev 3 yerdə işləyib. Onun qısa müddət ANS TV-də çalışması da yayılan məlumatlar sırasındadır. Hətta qısa müddət öncəyə qədər bu, onun facebook profilində də əks olunmuşdu.

“Meydan TV”yə isə T.Mustafayev 3 aylıq layihə çərçivəsində cəlb olunub. Layihənin müddəti bitdikdən sonra onun oradan uzaqlaşdığı bildirilir. Xatırladaq ki, sözügedən layihənin rəhbəri Emin Milli artıq bununla bağlı məlumat yayıb. O, bəyanatında deyib ki, T.Mustafayev "Meydan TV” ilə əməkdaşlıq etdiyi aylarda işinə laqeyd yanaşdığı, verilən tapşırıqları lazımınca yerinə yetirmədiyi, dəfələrlə iş etikasını pozduğu, həmçinin psixoloji baxımdan qeyri-adekvat addımlarına görə işdən uzaqlaşdırılıb.

Amma T.Mustafayevin şəxsi həyatındakı ilginc detalları AXCP üzvü Kəmalə Bənəniyarlı facebook profilində paylaşıb. K.Bənəniyarlı son statuslarından birində belə yazır: “Tanınmış jurnalistin üzünə balasına aliment verməyən birini dirəndirdilər. Həm də dəlixanadan yenicə çıxmış birini. Uşağına aliment verməyən Xədicənin üzünə dirənir. Xədicənin üzünə duran Turalın avqust ayının 8-də rəsmi nikahı pozulub. Onun 13 yaşında oğlu var. Göyçay icra məmurları onu məhkəməyə çağırıb alimentlə bağlı. Tural məhkəməyə gedəndə şəxsiyyət vəsiqəsi olmayıb.

Çünki onun şəxsiyyət vəsiqəsi dəlixanada qalıb. Tural oğluna aliment verməkdən boyun qaçıraraq icra məmurlarına ”nə bacarırsınızsa edin" deyərək oradan çıxıb. Çox güman ki, dəlilik kağızına güvənirmiş".

T.Mustafayevin yaxın zamana qədər rəsmən evli və 2 uşaq atası olması faktını vaxtilə birgə çalışdığı iş yoldaşları, həmçinin dostları da təsdiqlədilər. Və onlar bu məsələdə iki versiyanın olmasına inanırlar. 1. Tural Mustafayev həqiqətən də öyrədilərək, xüsusi sifarişlə Xədicə İsmayılın yaxınına yerləşdirilib, daha sonra yönləndirilib. 2. O, intihar edəndən sonra evində aparılan baxış zamanı (intihar hadisəsi baş verəndən sonra adətən polislər “qurban”ın yaşadığı evə baxış keçirirlər) şəxsi yazışmaları, dostluğunda olan şəxslərin kimliyi müəyyənləşdirib və bundan onun dostluğunda olan X.İsmayıla qarşı istifadə ediblər.