Rusiya Federasiyasının Volqoqrad vilayətinin Kalaç-na-Donu şəhərində avqustun 22-nə keçən PUA hücumu qeydə alınıb. 

“AzPolitika” xəbər verir ki, Rusiya “teleqram” kanallarının yazdığına görə, hədəf şəhərin yaxınlığındakı Marinovka aerodromu olub. Nəticədə aerodrom ərazisində partlayışlar və yanğın baş verdiyi qeyd olunur.

Yerli sakinlərin “Marinovka” hərbi aerodromundan yaydığı videolar hücumun uğurlu alındığını göstərir. Ən azı aerodromda aviabombaların saxlanıldığı sursat anbarında partlayış baş verdiyi dəqiqdir. Təyyarələrə zərər dəyib-dəymədiyi sonrakı günlərdə peyk fotoları ilə müəyyənləşəcək.

Bu arada avqustun 14-də Nijnıy Novqoroddakı “Savasleyka” aviabazasına hücum zamanı 1 ədəd MiQ-31 döyüş təyyarəsi və 2 ədəd İl-76 hərbi-nəqliyyat təyyarəsinin məhv edildiyi dəqiqləşib. Daha 5 təyyarənin zədə aldığı bildirilir.

Rostov vilayətinin Proletarsk rayonunda yerləşən, Rusiyanın Dövlət Ehtiyatları üzrə Federal Agentliyinə məxsus “Qafqaz” kombinatının yanacaq bazası isə 4 gündən çoxdur yanır. Burada hər birində 5 min ton yanacaq olan 74 böyük çən var(dı). Bunların 20-dən çoxu artıq partlayıb. Soyutma-söndürmə çalışmaları dayandırıldığı üçün digər çənlər də qızdıqca partlayır.

Bu arada Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov bildirib ki, avqustun 21-nə keçən gecə Ukrayna PUA-larının Rusiyadakı hədəfləri radiorabitə mərkəzi, aerodrom və aviabaza olub. Bunlar Moskva vilayətindəki Ostafyevo hava limanı və Rostov vilayətindəki Millerovo aviabazasıdır. Ümumilikdə, Budanovun sözlərinə görə, həmin gün hücumlarda 50-yə yaxın dron iştirak edib.

“AzPolitika.info”