Kursk vilayətində 3000-ə yaxın Rusiya hərbçisi Ukrayna Silahlı Qüvvələri tərəfindən tam mühasirəyə alınmaq üzrədir. 

“AzPolitika” xəbər verir ki, bu barədə “The Wall Street Journal” nəşri məlumat yayıb.

Xəbərdə deyilir ki, Ukrayna Silahlı Qüvvələrinin nümayəndələri Kursk vilayətində Seym çayı ilə Ukrayna sərhədi arasında sıxışdırılmış təqribən 3000 rus əsgərini mühasirəyə almaq üçün hərəkətə keçdiklərini bildiriblər: “Rusiya Federasiyası öz qoşunlarının Seym çayı ilə Ukrayna sərhədi arasında mühasirəyə alınmasının qarşısını almağa çalışır. Ukrayna tərəfi isə ponton keçidlərinə və körpü tikintisi avadanlığına hücum etmək üçün “HİMARS”-lardan və PUA-lardan istifadə edir”.

Nəşr qeyd edib ki, Seym çayı ərazisindəki rus qoşunlarının təchizat xətləri kəsilib. Ukrayna Silahlı Qüvvələrinin 14-cü alayının komandiri isə deyib ki, "Biz onların üç körpüsünü partlatdıq, bu “cib”in onlar üçün bağlanması an məsələsidir”. 

Əlavə olunur ki, ruslar çayı tez-tələsik, təlaş içində keçirlər və bu zaman Ukrayna tərəfi onlara atəş açır. Buna baxmayaraq, Rusiya mühasirəyə düşmək üzrə olan qüvvələrini gücləndirməyə çalışır. Bu isə əsir götürüləcək və məhv edilə biləcək Rusiya əsgərlərinin sayının daha da artması ilə nəticələnə bilər.

“AzPolitika.info”