Menu

 "ACP artıq Rəsul Quliyevin ideyasından uzaqlaşıb" - Zəminə Dünyamalıyeva

20.11.2013, 15:29
 "ACP artıq Rəsul Quliyevin ideyasından uzaqlaşıb" - Zəminə Dünyamalıyeva

Açıq Cəmiyyət Partiyası və Milli Şuradan istefa verən Zəminə Dünyamalıyeva hazırda istirahət etdiyini və yalnız sabiq lideri Rəsul Quliyevlə əlaqədə olduğunu bildirib.

Z. Dünyamalıyevanın sözlərinə görə, bu il ağır proseslər getdiyindən dincəlməyə ehtiyacı var: "O prosesə qarşı çıxmağın özü ikiqat çətindir. Mənim dincəlmək haqqım var. Hazırda istirahət edirəm. İstefamın səbəbi birmənalı olaraq naşı siyasətçilərdən uzaqlaşmaqdır. 20 ildir naşı siyasətçilərin gördüyü işlərin nəticəsi Azərbaycan cəmiyyətini bu yerə gətirib çıxarıb".

O keçmiş lideri Rəsul Quliyevlə danışsa da, S. Əkbərlə əlaqədə olmadığını söylədi: "Əslində Sülhəddin bəylə aramızda heç bir problem yoxdur. İstefamdan sonra hesab elədim ki, zəng etməyə ehtiyac yoxdur. İnsan kimi məni, onu maraqlandıran bir şey olarsa, bir-birimizə zəng etməkdə heç bir problem görmürəm. Ona istefa verirəm demədim, o özü də heç səbəbi soruşmadı. Mətbuatda oxudum ki, təəssüflənib. Qərar verəndə öz ağlım və prinsipimə görə verirəm. Rəsul Quliyevin adı ilə bağlı o partiyanı biz yaratmışıq. ACP artıq Rəsul Quliyevin ideyasından uzaqlaşıb. O ideyadan uzaqda olan partiyada mənim bir işim yoxdur. Mənim üçün Rəsul bəyin ideyası maraqlıdır. Bu ideya ACP-də olmadığı üçün mən də orada yoxam".

"Sülhəddin Əkbər Rəsul Quliyevə zidd gedir" sualını Z. Dünyamalıyeva belə cavablandırıb: "Kimin nə iş gömək istədiyi məni düşündürmür. Rəsul Quliyev orada deyilsə, deməli, onun ideyası uzaqlaşıb. Məsələ burasındadır ki, partiyanın sədri ilə hər şeyi bağlamaq yanlışdır. Sədr idarəetmədə birinci şəxsdir. Amma partiyanın ümumi ideologiyası tamam başqa bir şeydir. Bizim yaratdığımız ACP-nin ideologiyası bu gün o partiyada işləmir. Partiyanın ideologiyası ilə işləyən bir sürü adam var, onlardan soruşun görün nə işlə məşğuldurlar? Məni qane etmədiyi üçün uzaqlaşdım".

Onun fikrincə, Azərbaycan müxalifəti adı nə olmasından asılı olmayaraq birmənalı şəkildə hamısı istefaya getməlidir: "Çünki 20 ildir bunların, içində də mən olmaqla, müxalifətin gördüyü iş sıfıra bərabərdir. Sıfıra bərabər olan nəticə ilə yenidən partiyada qalıb o ideyanın arxasıyca getmək mümkün deyil. Ya kökündən dəyişməlidir, ya da başqa adamlara verilməlidir. Bu fikriləri hər bir partiyaya aid edirəm. Proqram da, nizamnamə də, ideologiya da yenilənməlidir. Həmin ideologiyanı həyata keçirən müxalifət bu dövlətə, millətə heç nə vermədi. Qazancları öz şəxsi maraqları oldu. Mən də o maraqlara xidmət etmək istəmirəm".

Eks deputat hələ ki, heç bir partiyaya getməyəcəyini qeyd etdi: "Hara getməliyəm? Başqası da onun tayıdır. O çömçə eyni qazana girib-çıxır".(teleqraf.com)

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol