Dekabrın 8-də hakim koalisiya siyasi anlaşılmazlığa son qoymaq üçün prezident seçkilərini 2 ay əvvələ - dekabrın 17-nə çəkib. Bu barədə "Deutsche Welle" xəbər verir.
Hökumət nümayəndəsi Sofia Valtepsi bildirib ki, bu addımın məqsədi narahat ölkədə məsələlərə siyasi aydınlıq gətirməkdir. İqtisadiyyatı kövrək olan Yunanıstanda beynəlxalq kredit proqramlarına son qoymaq üçün müzakirələr gedir. Valtepsinin sözlərinə görə, səsvermə dekabrın 17-də keçiriləcək, dekabrın 22-də isə növbəti tur gözlənilir. Yunanıstanda prezident seçkisi əvvəl fevralın sonuna planlaşdırılmışdı.
Valtepsi bildirib ki, erkən parlament seçkiləri beynəlxalq kreditorlarla danışıqlarda güclü mövqe nümayiş etdirməyə xidmət etməlidir. "Siyasi anlaşılmazlığa son qoymaq lazımdır", - o deyib.
Qeyd edək ki, hökumət və beynəlxalq kreditorlar iqtisadi islahatlarla bağlı razılığa gələ bilmirdilər. Buna baxmayaraq, Brüsseldə avrozona maliyyə nazirləri Yunanıstanın böhran proqramını 2 ay uzatmaq qərarına gəliblər. Kreditorlar bir neçə ay idi ki, Yunanıstanın böhran proqramı ilə bağlı birbaşa müzakirə aparmaq istəmirdilər. Bildirirdilər ki, büdcədə proqnozlaşdırılan inkişaf hədəfləri şişirdilib.
Afinanın proqnozuna görə, büdcə defisiti 338 milyon avro, yaxud ÜDM-nin 0,2%-i həcmində olacaq. Kreditorlar isə iddia edir ki, bu, 3%-ə yaxın olacaq. Ona görə də büdcədən maliyyələşən idarələr və təqaüd sistemində ixtisarları nəzərdə tutan yeni ciddi iqtisadi tədbirlər tələb edirdilər. Çox da nüfuzlu olmayan koalisiya hökuməti isə erkən seçkilərin gələn il keçirilməməsi üçün bu cür tədbirlərdən yayınır.
Sorğulara görə, radikal sol SYRİZA partiyası mühafizəkar koalisiyadan öndə gəlir. Yaxın gələcəkdə keçirilən seçkilər onların qalibiyyəti ilə nəticələnə bilər.
Samarasın parlamentdə 155 yer tutan koalisiya hökuməti prezident üçün öz seçimini elan etməsə, erkən parlament seçkiləri keçiriləcək. Valtepsi indiyədək heç bir namizədin adının çəkilmədiyini bildirib.
Qeyd edək ki, Yunanıstan prezidenti 85 yaşlı Karolos Papouliasın 2-ci 5 illik vəzifə müddəti martda sona çatır. Prezident postu ölkədə daha çox rəsmi xarakter daşıyır. 300 yerlik parlamentdə prezidentin seçilməsi üçün 1-ci turda 200, 2-ci turda 200, 3-cü turda isə 180 tələb olunur. /"eunews.az"


Şərhlər