Menu

Putin Rusiyada “hörmətdən düşür” - Yeni rəy sorğusunun nəticəsi açıqlandı

24.08.2024, 14:18
Putin Rusiyada “hörmətdən düşür” - Yeni rəy sorğusunun nəticəsi açıqlandı

Ukrayna hərbçiləri Rusiya ərazilərini ələ keçirdikdən sonra Vladimir Putindən razılıq səviyyəsi bütün müharibə boyu ilk dəfə 3,5 faiz azalıb. 

“AzPolitika” Rusiya mediasına istinadla xəbər verir ki, bunu hökumətə bağlı VTSİOM-un sorğu məlumatları göstərir.

Ötən həftə “Rusiya prezidentinin fəaliyyətini ümumiyyətlə bəyənirsiniz, yoxsa rədd edirsiniz?” sualına, respondentlərin 73,6%-i müsbət cavab verib. Bir həftə əvvəl bu göstərici 77,1% idi. 

Təbii ki, hakimiyyətin nəzarətindəki qurumun sorğularına etibar etmək doğru olmaz. Lakin görünən odur ki, hətta bu qurum belə Putinə etimadın kiçik rəqəmlərlə də olsa azaldığını etiraf edir.

Putinin reytinqində nəzərəçarpacaq azalmalar o qədər miqyaslı olmasa da, onun 2022-ci ilin sentyabrındakı səfərbərlik qərarından və 2023-cü ilin iyununda “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinin uğursuz üsyanından sonra müşahidə olunub.

Sosioloqlar dəfələrlə qeyd ediblər ki, müharibə və repressiya şəraitində respondentlər suallara hakimiyyət tərəfindən bəyənilmiş cavablar verməyə meyllidirlər.

Xatırladaq ki, Ukrayna ordusu avqustun 6-da Rusiyanın Kursk vilayəti ərazisinə daxil olub. Həmin gündən bölgədə döyüşlər davam edir. Ukrayna Silahlı Qüvvələri onlarla yaşayış məntəqəsinə, o cümlədən rayon mərkəzi olan Sudjaya nəzarət etdiyini bildirir. Rusiya hakimiyyəti bu məlumatları ya təkzib edir, ya da onlara şərh vermir.

Kursk vilayətində federal fövqəladə vəziyyət qüvvədədir. Bölgədən yüz mindən çox insan təxliyə edilib. Evakuasiya Belqorod vilayətinin Ukrayna ilə həmsərhəd ərazilərində də aparılır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol