Menu

Dövlət xidməti statusu alan köhnə qurum... – Ekspertlər yeni agentlikdən nə gözləyirlər?

28.08.2024, 17:23
Dövlət xidməti statusu alan köhnə qurum... – Ekspertlər yeni agentlikdən nə gözləyirlər?

Azərbaycan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əsasında Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb. Bununla bağlı avqustun 27-də Prezident İlham Əliyev fərman imzalayıb.

Azərbaycanda inhisarla mübarizə sahəsində ilk qurum – Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi hələ 1992-ci ildə yaradılıb. 2001-ci ildə həmin Komitə İqtisadi İnkişaf Nazirliyinin tərkibinə daxil edilib və Antiinhisar Siyasəti Departamenti kimi fəaliyyət göstərib.

Amma sonrakı illərdə də bu sahədə köhnələrinin ləğvi ilə paralel yeni qurumlar yaradılıb. Məsələn, 2006-cı il dekabrın 28-də İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti yaradılıb və istehlak bazarına nəzarət funksiyaları da onun səlahiyyətlərinə aid edilib. 2009-cu ildə isə müvafiq fərmanla qurum "Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti" adını alıb. Səkkiz il sonra verilən yeni sərəncamla isə İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilən Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb. Nəhayət, 2019-cu il oktyabrın 23-də Agentlik yenidən Dövlət Xidməti statusu alıb.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov "Turan"a deyib ki, sözügedən dəyişikliyin effektiv olacağına ümid etmək istəyir: "Çünki illər boyu bu qurum müxtəlif adlar altında fəaliyyət göstərib, amma ildən-ilə istehlakçıların hüquqları məsələsi arxada qalıb və indiki vəziyyətə gəlib çatıb. Baxmayaraq ki, qurumun əsasnaməsində istehlakçıların hüquqlarının qorunması yer alırdı, onun işi qənaətbəxş deyildi".

E.Hüseynovun sözlərinə görə, rəhbərlik etdiyi quruma istehlakçılardan hər hansı şirkətdən şikayət gələndə tərəfləri barışdıra bilmədikdə Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinə müraciət göndərib: "Sözügedən qurum da şirkətə məktub göndərirdi. Şirkət istehlakçını necə aldadırdısa, eyni bəhanələri yazıb Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinə göndərirdi. Onlar da həmin sözləri kopiyalayıb cavabda bizə göndərirdi... Çox nadir hallarda istehlakçıların hüquqlarının qorunmasını görə bilmişik".

O arzu edir ki, yeni qurumun adında "istehlakçıların müdafiəsi" də əks olunsun: "Çox təəssüf ki, ölkədə istehlakçıların hüquqları arxa planda qalıb. Mən gözləyirəm ki, bu dəyişiklikdən sonra adıçəkilən qurum geniş səlahiyyətlərə malik olacaq. İctimaiyyətlə, media ilə sıx işləyəcək və istehlakçı hüquqlarına dair məsələlərdə "get məhkəməyə ver" söhbəti etməyəcəklər".

Vəkil, bank məsələləri üzrə ekspert Əkrəm Həsənov isə “Facebook”-da yazıb ki, Azərbaycanda inhisarçılıq azalmaq əvəzinə get-gedə daha da artır: "İndiyə kimi Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətinin İqtisadiyyat Nazirliyinə tabe olması da bu sahədə hansısa dəyişikliyi, ümumiyyətlə, mümkünsüz edirdi".

Ekspertin fikrincə, Antiinhisar və İstehlak Bazarına Nəzarət Xidmətini çoxdan müstəqil quruma çevirmək lazım idi: "Çünki Azərbaycanın əksər dövlət şirkətləri İqtisadiyyat Nazirliyinə tabedir. Bu şirkətlər da, bir növ, təbii inhisarçılardır. İkincisi də, bütün dövlət satınalmalarına nəzarəti də İqtisadiyyat Nazirliyinin tərkibində olan həmin qurum həyata keçirirdi".

Ə.Həsənov hesab edir ki, yeni agentliyin yaranması müsbət haldır: "Amma mən illüziyalara da qapılmıram və agentlik bir günə nəyisə dəyişməyə başlamayacaq. Bu il qüvvəyə minən Rəqabət Məcəlləsinin icrasının necə həyata keçiriləcəyi də hələ sual altındadır. Eyni zamanda, əgər Daşınmaz Əmlakının Dövlət Reyestri və Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestri açıq olmayacaqsa, heç bir inhisarçılığa qarşı real mübarizədən söhbət gedə bilməz. Bu məsələdə ictimai nəzarət yoxdursa, mümkün deyil".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol