ABŞ yaxın həftələrdə Kiyevə əlavə hərbi yardım göndərəcək.
“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının sözçüsü Con Kirbi bildirib.
Çərşənbə axşamı çıxış edən Kirbi Prezident Co Bayden administrasiyasının Rusiyanın Poltova şəhərinə onlarla insanın ölümünə səbəb olan raket hücumunu pislədiyini bildirib.
Kirbi deyib ki, bu hücum “Rusiya Prezidenti Vladimir Putinin Ukrayna xalqına qarşı vəhşiliyinin növbəti dəhşətli xatırlatmasıdır”. Kirbi əlavə edib ki, zərbə Ukraynanın hava hücumundan müdafiə sisteminin gücləndirilməsinin təcili ehtiyacını göstərir.
Ukrayna hakimiyyətinin son məlumatlarına görə, Poltavadakı hərbi rabitə institutuna ballistik raket hücumu nəticəsində 50-dən çox adam ölüb, 200-dən çox insan yaralanıb.
Amerikalı rəsmilərə istinadən yerli mediya yazıb ki, Birləşmiş Ştatlar Ukraynaya Rusiya ərazisinin dərinliklərindəki hədəfləri vura bilən uzaqmənzilli qanadlı raketləri tədarük edə bilər. Lakin tədarüklə bağlı texniki problemlərin aylarla vaxt alması da mümkündür.
Adının açıqlanmasını istəməyən üç mənbənin sözlərinə görə, Kiyevə göndərilən silahlara Birgə Hava-Yerüstü Qarşıdurma Raketlərinin (JASSM) daxil edilib -edilməməsin bu ilin payızında məlum olacaq.
Ukraynaya JASSM göndərilməsi strateji vəziyyəti əhəmiyyətli dərəcədə dəyişə bilər, çünki Rusiya ərazisindəki hədəflər yüksək dəqiqliyə malik raketlərin əhatə dairəsində olacaq.
Hərbi analitiklərin fikrincə, JASSM-nin yerləşdirilməsi Rusiya təchizat anbarlarını cəbhə xəttindən yüzlərlə kilometr uzaqlaşdıra bilər. Bu, Moskvanın hücum əməliyyatlarını davam etdirmək səylərinə ciddi əngəl törədə bilər və potensial olaraq Ukraynaya strateji üstünlük təmin edərdi.
Ancaq ABŞ-nin Rusiya daxilindəki hədəflərə Amerika silahları ilə hücumlara qadağası hələ də qalmaqdadır.
Bu barədə avqustun sonunda Pentaqonun sözçüsü general-mayor Patrik Rayder danışıb: "Ukraynalılar xaricdən gələn hücumlara qarşı özlərini müdafiə etmək üçün Amerikanın köməyindən istifadə edə bilərlər. Başqa sözlə desək, cavab atəşi aça bilərlər. Lakin söhbət Rusiya ərazisinin dərinliklərində olan uzaq məsafədən zərbələrə gəldikdə, bizim siyasətimiz dəyişməyib"
“AzPolitika.info”


Şərhlər