Venesuelada müxalifətin prezidentliyə namizədi Edmundo Qonsales bazar günü – sentyabrın 8-də siyasi sığınacaq üçün İspaniyaya uçub. Bu barədə Madrid hökuməti açıqlama yayıb.
İspaniya Xarici İşlər Nazirliyinin məlumatına görə, prezident Nikolas Maduronun seçkidə rəsmən qalib olunmasına qarşı çıxan Qonsales həyat yoldaşı ilə birlikdə Torrexon-de-Ardos hərbi bazasına çatıb.
ABŞ, Aİ, digər güclər 75 yaşlı Qonsalesi mübahisəli seçkinin qalibi kimi görürdülər. Bir həftə öncə Venesuela hakimiyyəti onu gizli fəaliyyət və digər cinayətlərdə ittiham edərək həbsinə order verib.
"Bu gün Venesuelada demokratiyanın qəmli günüdür. Demokratiyada heç bir siyasi lider başqa ölkədə sığınacaq istəməyə vadar edilmir", – Aİ-nin xarici siyasət rəhbəri Jozep Borrel bəyanatında deyib.
"Qonsales demokratiyanın ən yaxşı ümidi olaraq qalır", – bunu isə ABŞ-ın dövlət katibi Entoni Blinken X platformasında yazıb: "Biz Maduro və təmsilçilərinin hakimiyyətdən zorla yapışmasına imkan verməməliyik".
Venesuelanın vitse-prezidenti Delsi Rodriqes “Instagram”-da yazıb ki, hakimiyyət siyasi asayişi bərpa etmək üçün Qonsalesə təhlükəsiz çıxış verib. İspaniya Xarici İşlər Nazirliyi isə Qonsalesin ölkədən çıxması ilə bağlı Venesuela hökuməti ilə rəsmi danışıqlar aparılmadığını bildirib.
Venesuela müxalifəti Qonsalesin 28 iyul seçkisinin qalibi olduğunu bildirib. Maduro isə deyilənləri rədd edərək bildirib ki, sağ qanad onun hökumətini sabotaj etməyə çalışır. Müxalifət qələbəsinin tanınmasından ötrü daha çox etirazların keçirilməsinə, beynəlxalq təzyiqi gücləndirməyə çağırır. Amma bunun nəticəsi olmayıb, getdikcə hökumətə qarşı mitinqlərə daha az adam qatılıb.
“AzPolitika.info”


Şərhlər