Məlum olduğu kimi, Vladimir Putin son çıxışında 2022-ci ilin martındakı “İstanbul razılaşmaları” əsasında danışıqlara hazır olduğunu bəyan edib.
“AzPolitika” xəbər verir ki, ABŞ Dövlət katibinin keçmiş müavini Viktoriya Nuland xarici KİV-ə həmin razılaşmalarla bağlı bəzi detalları açıqlayıb və Ukraynanın nədən bu razılaşmalardan çıxdığına aydınlıq gətirib.
Nulandın dediyinə görə, Ukrayna məhz amerikalılarla məsləhətləşmələrdən sonra Rusiya ilə “İstanbul razılaşması”ndan çıxıb.
O, qeyd edib ki, ABŞ və Qərbin qalan hissəsi həmin danışıqlarda iştirak etməyib və əvvəlcə, orada baş verənlərdən xəbərsiz olub. Amma müəyyən mərhələdə Kiyev məsləhət üçün Qərb müttəfiqlərinə müraciət edib.
Nulandın sözlərinə görə, ABŞ-nin fikrincə, razılaşma Ukrayna üçün sərfəli deyildi, çünki bu, Kiyevi hərbi cəhətdən çox zəiflədirdi: “Türklər bir yer təklif etdilər və biz heç o otaqda belə deyildik. Əslində, biz sövdələşmənin təfərrüatlarından o qədər də xəbərdar deyildik... Lakin danışıqların sonunda ukraynalılar bizmlə hər şeyin nəyə doğru getdiyinə dair məsləhətləşmək istədilər”.
Onun dediyinə görə, bu məsləhətləşmələr zamanı Qərbdə hər kəsə aydın olub ki, razılaşma Ukraynanın müəyyən silah sistemlərinə malik olmasını qadağan edir. Nulandın fikrincə, Putinə tamamilə gücsüz, özünü qorumaq imkanı olmayan Ukrayna lazım idi: "Putin ”axtalanmış”, silahsızlaşdırılmış Ukraynanı tamamilə müftə ələ keçirə bilərdi. Ukrayna, mahiyyət etibarilə, hərbi güc kimi olduqca zəifləyəcəkdi. Ancaq Rusiya üçün oxşar məhdudiyyətlər yox idi. Rusiyadan geri çəkilmək, Ukrayna ilə sərhəddə bufer zonasının olması tələb olunmurdu. Ona sərhəddə hər hansı silah saxlamaq qadağan edilmirdi. Ona görə də Ukrayna nümayəndə heyətinin daxilində və xaricində bu sövdələşmənin yaxşı olub-olmaması ilə bağlı suallar verilməyə başladı. Elə həmin an da hər şey dağıldı”.
“AzPolitika.info”


Şərhlər