Bu günlərdə mətbuatda dərc edilən məlumata görə, uzun illər Ailə, Qadın və Uşaq Məsələləri Üzrə Dövlət Komitəsinin sədri olmuş, hazırda isə yenidən deputat edilən Hicran Hüseynova uzaq Fransada, dəniz sahilində istirahət kompleksi tikdirir. Xəbərdə deyilir ki, H.Hüseynova və bacısı dəniz sahilindəki 5 milyon avroluq villanı sökdürərək, yerində öz yeni obyektini inşa etdirir.
Xəbərin yayılmasından bir həftəyə yaxın vaxt keçsə də, məmur-deputat xanım Hüseynova onu nə təsdiq, nə də təkzib edir. Susur. Azərbaycanda isə susmaq təkcə razılıq deyil, həm də saymazlıq, arxayınlıq, özündənrazılıq əlamətidir ki, bunun da tez-tez bizim bir çox “toxunulmaz” iri məmurlarımızın, nazirlərimizin, deputatlarımızın ifasında müşahidə edirik.

O da sirr deyil ki, bu adamları cəmiyyət, dövlət qarşısında hesabat vermək məsuliyyətindən azad edən hökumətdəki mövqeləri, əlaqələri və bütün bunların sayəsində topladıqları sərvət, var-dövlətdir...
Azərbaycanda sanballı varidat sahibi, hətta bəzilərinin “oliqarx” adlandırdıqları (əslində, oliqarx termini daha geniş mənaya malikdir) zərif cinsin nümayəndələri az deyil. Onları birləşdirən ümumi cəhət nadir hallarda özlərinin, əksər hallarda isə ərlərinin yüksək, gəlirli vəzifə sahibləri olması, onlar üçün büdcə vəsaitlərinin, ölkə sərvətlərinin əlçatanlığıdır...
Bu günlərdə Azərbaycanın pullarının talanması üzrə “ulduz” simalardan biri – Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın da ətrafında həm yerli, həm də xarici mətbuatda müxtəlif məlumatlar dolaşır. Britaniya məhkəməsi gah onun on milyonlarla dollarlıq əmlaklarını, bank hesablarını, qızıl-zinət əşyalarını müsadirə edir, gah qızıllarını qaytarır, gah qaytarmır, gah o məhkəmə-bu məhkəmə süründürür və sair.

Ortalıqda uçuşan on milyonlar, yüz milyonlar isə Azərbaycanın, sosial müavinətə möhtac qoyulan Azərbaycan vətəndaşının boğazından kəsilən, oğurlanan, talanan sərvətləridir.
Daha bir “oliqarx” xanım AZAL-ın sabiq prezidenti Cahangir Əsgərovun həyat yoldaşı Zərifə Əsgərova sayıla bilər. Rəsmən iş adamı hesab edilən, "Gazelli Group"-un sahibi, “Caspian Energy Club”ın İdarə Heyətinin üzvü və s. adlar daşıyan Z.Əsgərovanın 100 milyonlarla hesablanan kapitalının əsasını ərinin “qazandığı” pulların təşkil etdiyi çətin ki, kimdəsə şübhə doğurur.

Həmçinin, bu ailənin şirkətlərinin Gürcüstanda və digər xarici ölkələrdə tikintidən tutmuş bir çox digər sahələrə on milyonlar, yüz milyonlarla pul yatırdığına dair dəfələrlə məlumatlar yayılıb, sənədlər, sübutlar təqdim olunub.
Yaxud, olsun Milli Məclisin sabiq sədri Oqtay Əsədovun xanımı Zemfira Əsədovanın “biznesi”. Rusiyada onun adına “Arizarum Qrup” adlı şirkət yaradılıb. Eyni zamanda da Nizami rayonunda yerləşən 175 saylı Körpələr evi-uşaq bağçasının müdiri olan bu xanımın Rusiyadakı böyük biznesi necə idarə etdiyi “heyrət doğurur”.

3 il əvvəl mətbuatda gedən məlumatlardan aydın oldu ki, Zemfira Əsədova həm də Moskvanın Bakı küçəsində yerləşən striptiz kluba sahibdir. Hətta Moskva polisinin “Kapriz” adlı həmin klubda narkotik alverinə qarşı xüsusi əməliyyat keçirdiyi də bildirildi. Bu klub Z.Əsədovanın adına olan “Arizarum Qrup”-un balansında olub. Həmçinin, ailənin Rusiya paytaxtında, Türkiyədə, Böyük Britaniyada, Almaniyada və s. ölkələrdə hər biri on milyonlarla ölçülən mülkləri, biznesləri barədə məlumatlar var.
Müvafiq dövlət qurumlarından heç kim yuxarıda sadaladığımız və sadalamadığımız bu cür “işgüzar” ailələrdən malik olduqları yüz milyonların mənbəyini soruşmayıb, onlara “gözün üstə qaşın var” deyən olmayıb – sanki belə də olmalı imiş...
İlkin kapitalı, “mayası” məmur ərlərinin bu millətdən taladığı pullar hesabına formalaşan “business women”-lərin siyahısını uzatdıqca uzatmaq olar. Bunları birləşdirən əsas amillərdən biri də ərlərinin, bəzi hallarda isə özlərinin(Hicran Hüseynova kimi-red.) burada “qazandıqları”nı xaricə daşımalarıdır. Bir sözlə, kişili-arvadlı - daşıyan-daşıyanadır...

Görünən həm də odur ki, iş pula, talançılığa, acgözlüyə, haramçılığa, tamahkarlığa gələndə bəzi xanımlarımız kişilərdən geri qalmır, hətta onları üstələyir...
Əlbəttə, hər bir ölkədə qadın iş adamlarının, milyonçuların olması yaxşı haldır. Bu, həmin cəmiyyətlərin inkişafından, müasirləşməsindən, hətta çiçəklənməsindən xəbər verir. Amma nə yazıq ki, bizim qadın milyonçularımız, “business women”-lərimiz də bu ölkədəki bir çox adlar, statuslar kimi süni və saxtadır...
Yəqin ki, nə vaxtsa Azərbaycanda da real, halal iş adamı olan qadınlar yetişəcək(Bəlkə də hazırda tək-tük də olsa belələri var). Ancaq bu, yalnız gerçək, monopoliyasız, məmur biznesinin at oynatmadığı, rüşvətsiz, azad bazar iqtisadiyyatı, normal gömrük-vergi sistemi, əlçatan bank sektoru, ədalətli məhkəmə, şəffaf hüquq-mühafizə sistemi və s. olanda olacaq. Azərbaycanda isə bütün bunları nə zaman görəcəyimizi nəinki siyasətçilər, ictimai xadimlər, iqtisadçılar, digər mütəxəssislər və sair, hətta bəzi xanımlarımızın tez-tez baş çəkdiyi falçılar da bilmir...
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Bişirə bilməyəndən aşı,Olmaz ölkə vətəndaşı.
Bu arvadlar görəsən aş bişirə bilirlər?Aş bişirə bilməyəndən arvad olmaz ee,ona görə soruşuram.
Məmurlar düzələn deyil, biz bir xalq olaraq Azərbaycan Türkləri ayılmalıyıq
Bəs niyə talan.xaricə daçımalara qarşı ölçü götürülmür.Nə qədər fakt olmalıdır ki.hakimiyyət ayılsın.
Bir gün millətimizə qarşı məmurların genosid siyasətinin sonu olacaq. Sonsuz heç nə yoxdur
Azərbaycan xalqının vəziyyətinin günü gündən pisləşdirilməsinin səbəbləri qeyri millilərin iş başında olması,və onların talançılığı,azərbaycan-türk millətinin susqunluğu və bu şəraiti yaradan rejimin amansızlığıdır.
Belələri kef edir bu hökumətin hesabına. Milləti isə hökumət dilənçi edib,didərgin edib. Millətin cavanları yad ölkələrdə çörək pulu üçün zülm çəkirlər. Bizim milyardları isə bizdən olmanlar talayır, burdadakı burada çoxunu isə daşıyırlar xarici ölkələrə
Adətən sel gələndə əvvəlcə özüylə çör-çöp gətirər,iri kör-kötüyü selin gur yeri gətirər.İndi tərsinə olub,kötükləri qabağa veriblər.Bunları bu işə vadar edənlər kimlərdisə çooox ağıllı adamlardı.Bilirlər ki ət yaman bahadı deyə “ət” deməkdən qabar olub millətin dili-ağızı,vəzifə də gəldi gedərdi.Odur ki vaxtında yığıb doldurublar altlarını.Hələ min il əvvəl Nizami Gəncəvi boşuna deməyib ki,”Bir inci saflığı varsa da ətdə,Heç yeyilməyəndə dərd verir o da”.
Meydan yaradılıb edırler
sizin yaltaqlıq peşəniz təqdirə layiqdir.amma Azərbaycanda bişanmalar sayının durmadan artması.uşaq ölümlərinin statistikası szin söylədiklərinizin əksini sübut edir.Hicran xanım hansı xarici ölkədə(oğurluq pulları daşıdığı ransadan başqa onu tanıyan.bilən.hörmət eən var?Bu qədər bacarıqlı yaltaqlıq məktəbini kim sənə təlqin və ya məcbur edib?Ayıb,çox ayıb! Heç olmasa yazmazdan öncə yazdıqlarınızı oxuyun.
Paxıllıq etməyin onların anadan gəlmə fərasəti var.Indi Sizdə yoxdur o demək deyil ki,onlardada olmasın.Halaldır onlara davam edin amma 33 gümüşü unutmayın
Hicran Hüseynova, elmi və ictimai fəaliyyətində Azərbaycanın gələcəyinə, xüsusilə də qadınların və uşaqların hüquqlarının qorunmasına yönəlmiş çoxsaylı layihələri uğurla həyata keçirib. Onun gördüyü işlər nəinki Azərbaycanda, həm də beynəlxalq arenada yüksək qiymətləndirilib. Məhz bu kimi real uğurlar, onu qaralamağa çalışanların gözünü qamaşdırır və onları əsassız iddialarla təbliğat aparmağa sövq edir.
Amma belə iftiralar nə Hicran Hüseynovanın imicinə, nə də cəmiyyət qarşısında xidmətlərinə zərər vura bilər. Onun gördüyü işlər, xalqın rifahı və dövlətimizin gücləndirilməsi istiqamətində atdığı addımlar hər kəs tərəfindən açıq-aydın şəkildə görülür və dəyərləndirilir. Bu cür yalan məlumatlar isə yalnız həmin böhtançıların etibarsızlığını və məsuliyyətsizliyini bir daha nümayiş etdirir.
Hicran Hüseynova, elmi və ictimai fəaliyyətində Azərbaycanın gələcəyinə, xüsusilə də qadınların və uşaqların hüquqlarının qorunmasına yönəlmiş çoxsaylı layihələri uğurla həyata keçirib. Onun gördüyü işlər nəinki Azərbaycanda, həm də beynəlxalq arenada yüksək qiymətləndirilib. Məhz bu kimi real uğurlar, onu qaralamağa çalışanların gözünü qamaşdırır və onları əsassız iddialarla təbliğat aparmağa sövq edir.
Amma belə iftiralar nə Hicran Hüseynovanın imicinə, nə də cəmiyyət qarşısında xidmətlərinə zərər vura bilər. Onun gördüyü işlər, xalqın rifahı və dövlətimizin gücləndirilməsi istiqamətində atdığı addımlar hər kəs tərəfindən açıq-aydın şəkildə görülür və dəyərləndirilir. Bu cür yalan məlumatlar isə yalnız həmin böhtançıların etibarsızlığını və məsuliyyətsizliyini bir daha nümayiş etdirir.
Azərbaycanda hakimiyyət niyə belə halların baş verməsinə imkan yaradır?Hələ ciddi araşdıran olsa bunların qeri millət olduğunu,d soyadlarının sonradan dəyişərək Azərbaycan cəmiyyətinə soxuşdurulduqları ortaya çıxar.Çünki bədənində saf Azərnaycan -türkü qanı olan şəxs belə oyunlara,talana,xaricə daşımağa getməz!
Bravo,Cəlal müəllim!Axırıncı abzas əsl şedevrdi.
Biz çörək puluna möhtacıq. Talançı məmurlar ölkəni talan-qarət edib və davam edirər...
Əla mövxzu və nəzarət orqanarı üçün gözəl materialdır.(əgər icazə verisə və istəsələr ).Görəsən bu faktlarla maraqlanan olacaq?Azərbaycanda belə halların başverməsinə əsas səbəb kimi bu zümrədən olan şəxslərə yaşıl işıq yandırılmasıır.Bəs niyə? Bu başqa mövzunun materialıdır....
Bunlar hökumətin vəzifəən vəziəyə sürüklədiyi zadlardır ki,ylğlb doyandan sonra deputat edilirlər....
Demək olar ki, dünyada da ən böyük bizneslərinin ilkin kapital mənbəyi dövlətdən və ya insanlardan oğurlanan, qoparılan pullar hesabına olmuşdur. Bizdə isə 100 faiz belədir....
Demək olar ki, dünyada da ən böyük bizneslərinin ilkin kapital mənbəyi dövlətdən və ya insanlardan oğurlanan, qoparılan pullar hesabına olmuşdur. Bizdə isə 100 faiz belədir....