Azərbaycanda nazirlərin, komitə sədrlərinin və digər yüksək vəzifəlilərin əksəriyyəti az qala xəstəlik halını almış bir çox “özəlliklərə” malikdirlər. Buraya korrupsiya, qohumbazlıq, yerlibazlıq və s. aiddir. Ən yeni tariximizdə bütün bunlara bir də “müşavirbazlıq” əlavə olunub...
Hələ mərhum vergilər naziri Fazil Məmmədov vəzifədə ikən, yəni, “qılıncının dalı da, qabağı da kəsən” vaxtlarında özünə 10-a yaxın müşavir təyin etmişdi. Hamısı yüksək maaş və “paket” alan həmin müşavirlərin bir neçəsi gerçək peşəkar olsa da, qalanları hansısa qohumluq, dostluq əlaqələri, yaxud kimlərinsə tapşırığı ilə işə götürülmüşdülər. Həmin vaxt mətbuat bu barədə yazandan sonra nazir müşavirlərinin sayını daha da artırmışdı...
İndi də F.Məmmədovun “torpağı sanı yaşayan” elə məmurlarımız var ki, bu ənənəni şövqlə davam etdirirlər. İki ay əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli özünə 4 yeni müşavir təyin edəndə də mətbuat “bir-iki ağız” danışıb dayandı. Həmin vaxt İ.Həbibbəyli 89 yaşlı akademik Telman Əliyevi süni intellekt(!), rəqəmsal inkişaf və innovasiya məsələləri(!), 85 yaşlı akademik Yaqub Mahmudovu ictimai elmlər, 78 yaşlı akademik Möhsün Nağısoylunu şərqşünaslıq məsələləri, 75 yaşlı akademik Adil Qəribovu isə yeni texnologiyalar(!) üzrə müşavir vəzifələrinə təyin etmişdi. AMEA-nın özünün bir qurum kimi effektivliyi, müasir tələblərə cavab vermə səviyyəsi böyük sual altında ikən bu cür yaşlı adamların öz yaşı da 75-i ötən İ.Həbibbəyliyə müşavir təyin edilməsi haqlı sual və narazılıqlar, həmçinin ironiya doğurmuşdu. Ancaq təbii ki, buna məhəl qoyan olmadı və hazırda həmin akademiklər yüksək müşavir maaşı almaqda, elmimiz isə onların sayəsində “sürətlə inkişaf etməkdədir”...
Bu günlərdə isə mətbuatda daha bir maraqlı müşavir təyinatına rast gəldik. Məlum oldu ki, VI çağırış Milli Məclisin deputatı olmuş Jalə Əhmədova Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevə müşavir təyin edilib.
İstər-istəməz sual yaranır ki, parlamentdəki təmsilçiliyi dövründə hansısa parlaq işi, təşəbbüsü, çıxışı və s. ilə yadda qalmayan, xüsusilə də əmək və sosial məsələlər sahəsində hər hansı bilik və bacarıqları, təcrübəsilə seçilməyən sabiq deputat nazirə hansı məsələlərdə müşavirlik edəcək, nəyin məsləhətini verəcək? Görəsən, bu xanım sosial sahədə nazir Babayevin bilmədiyi nəyi bilir?

Jalə Əhmədova "Alyans Konsaltinq" MMC-də hüquq məsləhətçisi, Unibank ASC və Texnikabank ASC-də baş mütəxəssis, Bakı Apellyasiya Məhkəməsində hakim köməkçisi, Azərbaycan Respublikası Energetika Nazirliyində şöbə müdirinin müavini, Milli Qvardiyanın kadrlar şöbəsində baş zabit kimi vəzifələrdə çalışıb. Sonra da deputat olub.
Yaxşı, bu vəzifələrin hansında toplanan təcrübə, bilik və bacarıqlara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ehtiyacı var? Əgər söhbət hüquq məsləhətindən gedirsə, hər bir nazirliyin, o cümlədən də Babayevin başçılıq etdiyi nazirliyin hüquq şöbəsi və təcrübəli hüquqşünasları var. Belə olan halda, doğrudanmı nazirin hüquq üzrə müşavirə ehtiyacı var və bunun üçün yüksək maaşlı hüquq məsləhəti verən müşavir götürmək lazımdır?
Yeri gəlmişkən, sabiq deputat J.Əhmədovanın özü azsaylı müsahibələrinin birində öz hüquq təhsili və deputat fəaliyyəti barədə danışıb. Deputatlıq fəaliyyəti barədə danışan Əhmədova deyib: “Doğrudur, deputat olsam da, bir az siyasi məsələlərdən uzaqda dayananlar sırasındayam... Mən hələ özümü o səviyyədə güclü bir siyasətçi, siyasi fikirlərə malik olan deputatlardan hesab etmirəm”.
Təhsilə gəlincə, məlum olub ki, bu xanım da bəzi digər deputatlar və məmurlar kimi vaxtilə ABU-nu, yəni, Elşad Abdullayevin saxtakarlıq, rüşvət yuvası olan Azərbaycan Beynəlxalq Universitetini bitirib.
Əhmədova özü bu barədə müsahibəsində deyib: “Universitetə daxil olana qədər ali təhsilin ciddiyətinə o qədər də önəm vermirdim... Ona görə də, ABU-nu seçdim. Bilirsiniz, o vaxt ora qəbul olunmaq çox rahat idi”.
İndi bu xanım əmək nazirinə müşavirlik edəcək, dövlət qulluqçusu statusu və yüksək maaş alacaq. Əvəzində, minlərlə təhsilli, enerjili, savadlı gənclərimiz işsizdir. Onlar bu cür nazirliklərdə işə düzəlmək üçün min bir əzabdan keçirlər, universitet, magistratura bitirəndən sonra əlavə olaraq, bir də DİM imtahanı verirlər. Lakin bu imtahanlarda yüksək ballar toplamaları belə onların işlə təmin olunacağı anlamına gəlmir. DİM imtahanından keçsələr də, işə qəbul müsahibələrində əksər hallarda nazirliklər “öz adamılarını” keçirirlər. Digərləri isə aylarla, illərlə iş üçün gözləməli olur və bezib ölkədən gedirlər.
Ancaq nə olsun? Bu cür problemlər heç kimi, xüsusi də məmurları, nazirləri qətiyyən maraqlandırmır. Onlar hələ özlərinə müşavir, köməkçi, sürücü, katibə seçməkdədirlər...
Cəlal Məmmədov
“AzPolitika.info”

Şərhlər
Müavir kosmetoloqun yanından çıxan kimi sayt üçün foto çəkdirib. Gözəl görünür.Belələrini ekstra (yəni özündən razı.xalqın işinə yararsız ) nazir necə tapıb?
Məlumdur ki,bu müşavirciyin təyin ediliyi sahə ilə iztisası.iş təcrübəsi. uyğun deyil. ehtimal oluna bilər ki. yəqin bacarığı nazir Babayevi maraqlanırıb və öz istəyinə görə təyin edib.burada başqa səbəb görünmür.
Bunların milləti nədir?Babayev-0... oluğu bəlli.bəs bu yeni "müşüvir hansı millətdənir?Yazılan ad.soya sizi çaşdırmasın.Ad soyadları Azərbaycanlaşdırmaq məqsədilə 1991-ciildə Prezident fərmanı ...
Əli Abdullayevlər, Jalələr yüksək vəzifələrə təyin olunması yüksək səviyəli kadrların inamına mənfi təsir göstərilir və ölkəmizi inkişafdan qoyur !
xanım Babayevə nə müşavirliyi edəcək?Belə təyinat verən,əmr imzalayan şəxsin nə düşünərək bunu etdiyini anlamaq oduqca çətindir.Bunun hansı ixtisası, təcrübəsi nazirə müşavir olmağa imkan verir?İnsan özünə,şəxsinə hörmət qoymayanda belə hallar baş verir.Ölkə niyə bu günə salınır?
Bravo, bra VOOOO
nazirliklərdə və digər dövlət idarələrində müşavir vəzifələrinə ehtiyac yoxdur. ləgv olunmalıdır.
Ölkədə vəziyyət bütün sahələrdə belədi yaxşı vəzifələrdə işləyən ancaq keçmiş məmur balalarıdır.İş üçün hansı dövlət qurumuna müraciət edirsən açıq deyirlərki 35 yaşa kimi işçi.qəbul edirik ƏƏSMN hara baxır?niyə belə idarələrə qarşl tədbir görülmür?Hörmətli Azpolitika xahiş edirəm saytınızda belə mövzularada toxunun.
Keçmiş rabitə nazirin 1-ci müavini Əli Abdullayev bu nazirlikdə müşavirdir,rabitədəki müəssələri əmlakın əliylə necə özəlləşdi eynilə bu nazirliyində müəssələrini özəlləşdirəcək,müəssələri birləşdirmək,işçiləri ixtisara salmaqla bunə müəyyəsər olur.
Adamın bır bašçısı olar...min yox.......hamısını yedırtsen būdce qalmaz....nece kı yoxdur.....
Sənin yazdığına kim baxır ki? Özünü yordun, heyif.
C.Məmmədov ,Sahil Babayev kadr məsələsinə qarışmır ,kimi göndərirlər onunn da əmrini vverir ,eləcə də o biriləri ,yəni hamısı bir bezin qırağıdır
müəllif demek olar ki , hedefi gözündən vurub. Ne qeder eybecer durumdayiq, deyilmi? Sahil Babyev kimi Azərbaycan vətandaşını əsassız incidən ikinci bir memur tanimiram. Bunu da ele bele, basdansovdu demirem. Bu, hazirda konkret mehkeme predmeti olaraq prosesdə olan faktlara əsaslanir. budcəyə qənaət adı altında Qanunun pozulması il məşğul olan bu memura elbetde ki, müşavir lazim idi. Azərbaycanda cil atib bu deste. Real tehlükeye cevirilmiş babayev destesi ölkənin her yerini xaraba qoyur. buna son qoymali olanlarin ise vecine de deyil, baş qarışıb daha "vacib" seylere. Vetendaş naraziliğindan qorxub vaxtinda cekinin cenablar
Bunu kim belə qarma-qarışıq vəzifələr gəzdirir.Ona görə ölkə bu gündədir.Allah Aərbaycana yardımçı olsun.amin....
Ali Məhkəmənin sədri və Məhkəmə-Hüquq Şuraının sədri İnam Kərimovda ABU-nu bitirib !
Populist yazıdır. Həmin müşavirin qara piarına hesablanıb. Anti-reklam özü də bir reklamdır. Xüsusi ciddi fakt əsaslı bir ittihamın olmaması bunu sübut edir