Almaniya kansleri Olaf Şolts növbəti dəfə Ukraynaya “Taurus” qanadlı raketlərinin tədarükü ilə bağlı çağırışları rədd edib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Almaniya kansleri Brandenburqdakı çıxışı zamanı deyib: "Mən Moskvaya çata bilən qanadlı raketləri verməyəcəm. Mən indi sizi buna əmin edə bilərəm və bu mövqeyə sadiq qalacağam”.
Almaniya kansleri həmçinin hesab edir ki, indi Rusiyanın Ukraynaya təcavüzü kontekstində sülhə nail olmaq variantlarını nəzərdən keçirmək lazımdır. Eyni zamanda o, sülh danışıqlarını Ukraynanı dəstəkləməyə alternativ hesab edən ifrat sol və ifrat sağçı partiyaların mövqeyini tənqid edib: "Bu, sadəlövhlükdür".
Xatırladaq ki, İngiltərə, Fransa və ABŞ Ukraynaya uzaq mənzilli silahlar verdikdən sonra belə Almaniya davamlı olaraq "Taurus" qanadlı raketlərini Ukraynaya ötürməkdən imtina edir. İlin əvvəlində keçirilən sorğu göstərib ki, almanların böyük əksəriyyəti Şoltsun bu qərarını dəstəkləyir.
“AzPolitika.info”


Şərhlər