Menu

Ermənistanla razılaşdırılan əsasnamə nə vaxt müzakirəyə çıxarılacaq? - "Ərazi məsələsinə ancaq referendumda baxıla bilər”

25.09.2024, 20:20
Ermənistanla razılaşdırılan əsasnamə nə vaxt müzakirəyə çıxarılacaq? - "Ərazi məsələsinə ancaq referendumda baxıla bilər”

Azərbaycanla Ermənistan delimitasiya və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiyaların birgə fəaliyyəti haqqında Əsasnaməni avqust ayında razılaşdırıb. Sentyabrın 24-də isə Ermənistan Konstitusiya Məhkəməsi sənədin onların Konstitusiyasına uyğun olub-olmadığını müzakirə edib, amma qərar açıqlanmayıb.

Məhkəmənin sədri Arman Dilanyan jurnalistlərə bildirib ki, Ermənistan-Azərbaycan sərhədinin demarkasiyası üçün hazırlanan sənəd Konstitusiyaya uyğun hesab edilərsə, hökumət onu ratifikasiya üçün parlamnetə göndərəcək. Əks halda bu sənəd müzakirə oluna bilməz.

Azərbaycanda isə sözügedən Əsasnamə ilə bağlı hüquqi mexanizmin necə aparılacağı, hələlik bəlli deyil. Həmçinin ictimaiyyətə sənədin mətni də açıqlanmayıb.

"Azərbaycan Respublikasının dövlət sərhədi haqqında" Qanunun 2-ci maddəsində deyilir ki, ölkənin dövlət sərhədi Milli Məclisinin qərarları ilə müəyyən edilir. Üstəlik, dövlət sərhədlərinin dəyişdirilməsi yalnız referendum yolu ilə həll oluna bilər.

Qanunda habelə bildirilir ki, Azərbaycanın həmsərhəd dövlətlərlə rəsmiləşdirilməyən sərhədləri dövlətlərarası müqavilə ilə təsbit edilir. Bu zaman dövlət suverenliyi, ərazi bütövlüyü və dövlət sərhədinin toxunulmazlığı prinsipi əsas götürülməlidir.

Milli Məclisin deputatı Fazil Mustafa mövzu ilə bağlı "Turan"a deyib ki, sənədlə tanış olmadığından Azərbaycanda bu məsələnin müzakirəsinin hansı formatda nəzərdə tutulduğunu demək çətindir: "Hər halda, ərazi mübadiləsi və ərazi məsələsi ancaq referendumda baxıla bilər. Bu cür əsasnamələrin Konstitusiyaya uyğunluğu məsələsini Konstitusiya Məhkəməsi həll edir. Amma Əsasnamənin özünün məzmununda bunun necə nəzərdə tutulduğu haqqında bilgim yoxdur".

Deputatın sözlərinə görə, bu sənədlər konfidensial formada həll olunur və hələ ki, bununla bağlı rəsmi açıqlama verilməyib: "Yəqin ki, bu, hələlik məqsədəuyğun sayılmır. Bu proseslər elə bu cür də getməlidir. Əgər açıqlama verilsə, onda müəyyən etmək olar ki, bu, harada baxıla bilər. Elə məsələlər var referendumda, elə məsələlər var Konstitusiyada nəzərdə tutulduğu qaydada yalnız Milli Məclisdə, elə məsələlər də var ki, onlar Konstitusiya Məhkəməsində baxıla bilər".

Hüquqşünas Fuad Ağayev də bildirib ki, sənədin mətninə baxmadan hüquqi prosedur haqqında hər hansı fikir söyləmək mümkün deyil: "Hüquqi qiymət vermək üçün Əsasnamənin mətni ilə tanış olmaq lazımdır. Sənədin ratifikasiyası üçün onun parlament müzakirəsinə çıxarılmasının lazım olduğunu, yoxsa buna ehtiyac olmadığını söyləməkdən ötrü onun mətnini incələmək lazımdır".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol