Avstriyada keçmiş daxili işlər naziri Herbert Kiklin rəhbərlik etdiyi ifrat sağçı Azadlıq Partiyası parlamentdə ən çox yer qazanır.
“AzPolitika” Qərb mediasına istinadla xəbər verir ki, bütün bülletenlər hesablandıqdan sonra Avstriya Azadlıq Partiyası 29,2% səs toplayıb. İfrat sağçıların ən yaxın rəqibi, hazırkı kansler Karl Nehammerin Avstriya Xalq Partiyası 26,5% səs toplayıb. Üçüncü yerdə 21% səslə Avstriya Sosial Demokrat Partiyasıdır.
Beləliklə, ifrat sağçılar parlamentdə 183 yerdən 58-ni, mühafizəkarlar 52, sosial-demokratlar 41 yer qazanacaqlar. Kiklin kiminlə koalisiya qura biləcəyi bəlli olmasa da, hökumət qurmaq imkanının olacağı gözlənilir. Nehammer və Sosial Demokratlar ifrat sağçılarla mümkün ittifaqı rədd edərək, belə bir addımı demokratiya üçün təhlükə adlandırıblar. Müşahidəçilər qeyd edirlər ki, Xalq Partiyası və Sosial Demokratlar da böyük ehtimalla bir-biri ilə işləyə bilməyəcəklər.
Keçmişdə Avstriya ifrat sağçıları bir neçə dəfə hakim koalisiyaların bir hissəsi olub, lakin onlar heç vaxt ən böyük partiyaya çevrilməyiblər.
Bundan əvvəl Avstriyada keçirilən Avropa seçkilərində Azadlıq Partiyası qalib gəlmişdi. Partiya miqrasiyaya nəzarətin gücləndirilməsinin tərəfdarıdır.
Azadlıq Partiyasının rəhbəri, 55 yaşlı Herbert Kikl Macarıstanın Baş naziri Viktor Orbanın yaxın müttəfiqi hesab olunur. Onunla və Çexiya müxalifətinin lideri Andrej Babislə birlikdə bu yaxınlarda Avropa Parlamentində ən böyük müxalifət fraksiyasına malik olan sağçı populistlər və millətçilərdən ibarət “Avropa Vətənpərvərləri” koalisiyasını yaratdılar.
Kikl digər məsələlərlə yanaşı, Ukraynanın müdafiəsinə dəstək üçün vəsait ayrılmasına qarşıdır. O, Rusiyaya qarşı tətbiq edilən sanksiyaları tənqid edib və müharibənin əsas məsuliyyətinin ABŞ və NATO-nun üzərinə düşdüyünü müdafiə edib.
Kikl iddia edir ki, o, hakimiyyətə gələrsə, Avstriya ciddi neytrallığı qoruyacaq. Müxaliflər Kikli tənqid edir, onu Kremlyönlü siyasətçi adlandırırlar.
Avstriya neytral dövlətdir və NATO-nun üzvü deyil. ANP və Yaşılların hazırkı koalisiya hökuməti Ukraynanı dəstəkləyir və Rusiyanı tənqid edir, lakin sanksiyalar da daxil olmaqla, bir sıra digər Aİ ölkələrindən daha mülayim mövqe tutur. Avstriya Rusiyanın yanacaq təchizatından böyük dərəcədə asılı olaraq qalır.
Rasim
“AzPolitika.info”


Şərhlər