Son zamanlar, xüsusilə də Vladimir Putinin Bakıya səfərindən sonra bəzi ukraynalı politoloqlar və mətbu orqanlar Azərbaycana qarşı sifarişli kampaniyaya başlayıblar. Həmin kampaniya bir çoxları tərəfindən hələ də davam etdirilir. Əvvəlcə SOCAR-a qarşı geniş kampaniya aparıldı, son günlərdə isə Azərbaycanın özü və hakimiyyət hədəfə alınıb...

Ukraynalı politoloq Vitali Portnikov xaricdə yaşayan azərbaycanlı jurnalistlərdən birinə son müsahibəsində ölkəmizin ünvanına xoşagəlməz fikirlər səsləndirib. Hətta Qarabağın geri qaytarılmasının belə Azərbaycanın maraqlarına uyğun olmadığını(?) deyən Portnikov Azərbaycan hakimiyyətini dolayısı da olsa, Rusiya ilə işbirliyində günahlandırıb, ölkəmizin Ukraynaya göstərdiyi dəstəyi kölgə altına alıb və hətta ölkəmizə geosiyasətlə bağlı dərs keçməyə çalışıb. Əvəzində, Ermənistan hakimiyyətini az qala göylərə qaldırıb. Portnikovun bu açıqlamaları sosial şəbəkələrdə, o cümlədən Ukraynanın özündə ciddi müzakirələrə səbəb olub və Azərbaycanla münasibətlərin korlanmasına xidmət edən bu cür cəhdlərin kimlərin maraqlarına uyğun olduğu sualı meydana çıxıb.
Onu da qeyd edək ki, Portnikov Ukraynanın sabiq prezidenti Pyotr Poroşenkoya və onun siyasi partiyasına yaxın şəxs sayılır. Onun əksər siyasi kampaniyaları da məhz Poroşenkonun sifarişi ilə apardığı qeyd edilir.

“AzPolitika” xəbər verir ki, tanınmış ukraynalı hərbi-siyasi ekspert, Ukrayna Prezident Ofisinin sabiq müşaviri Aleksey Arestoviç son efirlərinin birində Ukraynada Azərbaycana qarşı aparılan kampaniyaya toxunub. Putinin Bakı səfərindən danışan Arestoviç deyib ki, “bu, daha çox Putinə lazım idi, nəinki Əliyvə”.
Onun fikrincə, Putinin bu Cənubi Qafqaz regionundakı əsas istəyi Zəngəzur dəhlizinə nəzarətin Rusiyada olmasıdır. Lakin bu, nə Türkiyənin, nə də Azərbaycanın maraqlarına uyğun deyil: “Rusiya çox arzulayır ki, Zəngəzur dəhlizinə nəzarət etsin və bununla regionda çox güclü təsir rıçaqlarına malik olsun, böyük Türk dünyasının nəqliyyat infrastrukturuna təsir edə bilsin. Bunun uğrunda mübarizə gedir. Putinin Bakıya səfəri “böyüyün” daha kiçik dövlətə səfəri oldu. Diplomatiyada adətən belə olmur. Lakin burada hər şey yuxarıda dediyim məqsədlərə xidmət edir. Bu, təbii ki, türklərin marağına uyğun deyil... Paşinyana gəlincə, orada Qarabağ klanı hələ təslim olmayıb, hələ hər şey bitməyib. İstisna etmirəm ki, Ermənistanda bundan sonra da çevriliş və Paşinyanın fiziki kənarlaşdırılması cəhdləri olacaq. Təsadüfi deyil ki, Paşinyanın Moskva ilə münasibətləri çox kəskindir...”
Arestoviç Portnikovun Azərbaycanla bağlı səsləndirdiyi təxribatçı fikirlərə də münasibət bildirib. O, sözügedən ukraynalı politoloqun sifarişlə danışdığını və onun son açıqlamalarının Ukraynada SOCAR-a qarşı başladılan iftira kampaniyasının davamı olduğunu deyib: “SOCAR-a qarşı başlanan isterika da eyni məqsədlərə xidmət edir. Orada söhbət çox böyük pullardan gedir. Məncə bu, heç də pulsuz aparılan kampaniya deyil. Bunlar(Poroşenkonun partiyası və onun sifarişilə danışanlar-red.) Ukraynanın əsas düşmənləridir. Poroşenkodan tutmuş onun partiyasının son deputatına qədər. Onların dedikləri tamamilə həqiqətə uyğun deyil. Onların ideoloqlarının, spikerlərinin fəaliyyəti tam aydındır. Onlar daim ukraynalıları bir birilə düşmən edirlər. İndi də Ukrayna ilə Azərbaycanın arasını vurmağa başlayıblar. Burada qeyri-adi bir şey yoxdur. Onlar öz tipik fəaliyyətlərilə məşğuldurlar. Düşünürəım ki, Ukrayna cəmiyyəti onlara düzgün qiymət verir. Buna görə də Poroşenkonun reytinqi dəhşətli dərəcədə aşağıdır... Bir də Portnikov özünü “böyük liberal”, demokrat kimi göstərməyə çalışır. Ona görə də onun aləmində Əliyev guya nə etsə, pis edir. Hansı ki, Əliyev Azərbaycanda vətəndaş sülhü yaradıb, 126 millət Azərbaycanda sülh şəraitində yaşayır-“pisdir”, Əliyev tarixi yaranı bağlayıb, özü də bunu müharibəsiz etmək üçün hər şey edib, amma (Portnikovun nəzərində) “pisdir”, Əliyev ideal dini azadlıq yaradıb – “pisdir”, Əliyev ölkədə radikal islahatlar aparıb – “pisdir”, Əliyev Azərbaycanın timsalında unikal geosiyasət aparır, bütün dünyada, hətta Amerika siyasətində belə səviyyə göstərilmir - “pisdir”... Təkcə bir Portnikov “yaxşıdır”. Təklif edirəm, Portnikovu (Ukraynada) prezident seçin. Ya da Poroşenkonu yenidən qaytarın. İnanın ki, bu halda Ukrayna yalnız tarixdə qalacaq, Azərbaycan tarix dərsliyinin bir səhifəsində yazılacaq ki, belələri var idi, indi yoxdurlar... Azərbaycanla bütün münasibətlər bərabər hüquqlu və qarşılıqlı faydalı olmalıdır. MDB-nin ən uğursuz və səhv strategiya qurmuş ölkəsi olan, bu qədər hər sahədə itkilər vermiş Ukraynanın Azərbaycan da daxil olmaqla kiməsə nəyisə öyrətməyə qalxması doğru deyil. Ukrayna əhalisini itirdiyi halda, Azərbaycanın əhalisi iki müharibə yaşamasına baxmayaraq, artıb, azalmayıb. Siz kimisə “diktator” adlandırıb nəsə öyrətməyə çalışmazdan əvvəl öz nəticələrinizi göstərin. Poroşenko 5 il hakimiyyətdə oldu, Ukraynada orduda və iqtisadiyyatdakı problemlərin yarısı və daxili siyasətdəki problemlərinsə demək olar, hamısının əsası onun tərəfindən qoyulub. Bizsə hələ Azərbaycana nəsə öyrətməyə qalxırıq?”
C.Məmmədov
“AzPolitika.info”


Şərhlər