Menu

Ruslar Uqledar şəhərini işğal edib – Lakin cəbhə çökməyib

02.10.2024, 10:57
Ruslar Uqledar şəhərini işğal edib – Lakin cəbhə çökməyib

Çox güman ki, rus qoşunları Donetsk vilayətinin Uqledar şəhərini ələ keçirib. Bununla belə, işğalçıların yaxın gələcəkdə şəhərdən kənarda nə qədər sürətlə irəliləyəcəyi bəlli deyil.

“AzPolitika” xəbər verir ki, ABŞ Müharibə Araşdırmaları İnstitutunun (ISW) son hesabatında belə deyilir.

Amerikalı mütəxəssislərin fikrincə, Uqledarın işğalı çətin ki, hücum əməliyyatlarının gedişatını kökündən dəyişsin, çünki şəhər xüsusilə mühüm logistika mərkəzi deyil.

30 sentyabr və 1 oktyabr tarixli geolokasiya videoları rus işğalçılarının Uqledarın müxtəlif yerlərindəki dağıntıların üzərinə öz bayraqlarını taxdıqlarını göstərir. Oktyabrın 1-də rusiyalı bloqerlər şəhərin işğal edildiyini elan ediblər. Həmin gün ukraynalı hərbçilər bildiriblər ki, onlar mühasirəyə düşməmək üçün Uqledardan planlı şəkildə geri çəkiliblər.

ISW analitikləri xatırladırlar ki, ruslar Uqledarı yalnız 2,5 illik uğursuz hücumlardan sonra işğal edə biliblər. Rusiya Federasiyası 2022-ci ilin oktyabr-noyabr və 2023-cü ilin yanvar-fevral aylarında Uqledarı ələ keçirmək üçün ən azı iki böyük hücum cəhdi həyata keçirib. Bunların hər ikisi şəxsi heyətin və hərbi texnikanın böyük itkisi ilə nəticələnib. Xüsusilə, şəhərin yaxınlığında rus dəniz piyadalarının 155-ci briqadası tamamilə məhv edilib.

Bəzi rus mənbələri Uqledarın ələ keçirilməsindən dərhal sonra rus qoşunlarının sürətlə irəliləyə biləcəyinə və əməliyyat baxımından əhəmiyyətli irəliləyişlərə nail olacağına şübhə ilə yanaşırlar.

Eyni zamanda rusiyalı bloqerlər Uqledarın ələ keçirilməsindən sonra Ukrayna cəbhə xəttinin çökəcəyini gözləmədiklərini qeyd ediblər.

ISW sonda qeyd edir: “Rusiyanın Uqledarı ələ keçirməsi çətin ki, Donetsk bölgəsindəki hücum əməliyyatlarının gedişatını kökündən dəyişsin, çünki Uqledar xüsusilə vacib logistika mərkəzi deyil”.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol