BMT və insan haqları qrupları Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) terrorçuluqda şübhəli şəxslərin "amansız" dindirilmə üsullarına məruz qalması barədə Senatın hesabatında adı çəkilən ABŞ rəsmilərinin məsuliyyətə cəlb olunmasına çağırıb.
BMT insan haqları rəsmisinin sözlərinə görə, aydındır ki, "yüksək səviyyədə təşkil olunmuş siyasət" mövcud olub.
MKİ isə deyir ki, Amerikada 11 sentyabr 2001-də baş verən hücumdan sonrakı fəaliyyəti adamların həyatlarını xilas edib.
"Bizi fərqləndirən odur ki, biz nəsə səhv edəndə, onu boynumuza alırıq", Prezident Barack Obama deyib.
"Cinayət işi"
BMT-nin İnsan Haqları üzrə Xüsusi Məruzəçisi Ben Emmerson deyib ki, George W Bush administrasiyasında cinayətləri planlaşdıran və onlara icazə verən yüksək rütbəli rəsmilər, habelə işgəncələrə görə məsuliyyət daşıyan MKİ və ABŞ dövlət rəsmiləri məsuliyyətə cəlb olunmalıdır.
"Beynəlxalq qanunlara əsasən ABŞ bu adamları məsuliyyətə cəlb etməlidir", cənab Emmerson Cenevrədən etdiyi bəyanatda deyib.
"Buna görə məsuliyyət daşıyanlara qarşı cinayət işi başlamaq, ABŞ Baş prokurorunun hüquqi vəzifəsidir".
Human Rights Watch təşkilatının direktoru Kenneth Roth deyib ki, MKİ-nin fəaliyyəti kriminal idi və onlara "heç vaxt bəraət qazandırmaq olmaz".
Çərşənbə axşamı Prezident Obama deyib: "Ümid edirəm ki, hesabat bu üsulları ... keçmişdə qoymağa yardım edəcək".
Cənab Obama 2009-cu ildə vəzifəyə gələndən sonra sərt dindirilmə üsullarına qadağa qoymuşdu.
Müxbirlər deyirlər ki, Bush administrasiyasının rəsmilərinə qarşı məhkəmə işi qaldırılması az ehtimallıdır, xüsusilə ona görə ki, Ədliyyə Nazirliyi artıq 2000-ci ildən bəri məhbuslarla pis rəftar barədə iki istintaq açmışdı və qərar vermişdi ki, kimisə məhkum etməyə kifayət qədər sübut yox idi. /BBC


Şərhlər