Azərbaycanda aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması üçün dövlət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xəttilə onları ünvanlı sosial yardım və digər sosial müavinətlə təmin edir. Ancaq ünvanlı sosial yardımların təyinatı üzrə verilməsində həmişə problemlər olub ki, bu da narazılıqlar yaradıb. Düzdür, əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsinə Səlim Müslümov təyin edildikdən sonra bu sahədə neqativ halların sayı xeyli azallıb. Nazir şəxsən aztəminatlı ailələrin həqiqətən sosial yardım alıb-almamasını araşdırdığını, ortaya çıxan problemlərin dərhal aradan qaldırılmasına göstəriş verdiyini bildirir. Hətta problem yaradan məmurları nümayişkəranə şəkildə işdən qovur.
Ancaq bununla belə yerli məmurların bürokratik maneələr yaratması səbəbindən, hələ də xeyli sayda aztəminatlı ailə ünvanlı sosial yardım almaqdan məhrumdur. Onlardan biri də "AzPolitika.info"ya şikayət məktubu göndərən Göyçay rayonu, M.Ə.Rəsulzadə küçəsi döngə 2, ev 5-də yaşayan, aztəminatlı ailə kimi qeydiyyatda olan Hüseynov Süleyman Abdul oğludur.
Süleyman Hüseynovun yazdığına görə, onun sosial yardım almasına maneçilik törədən şəxs Göyçay rayon notariusu Polad Nəcəflidir. Həmin məktubu qısa ixtisarla dərc edirik:
"Göyçay rayon notariusu Polad Nəcəflinin qanunsuzluğu və özbaşınalığı nəticəsində yoxsulluq həddində yaşayan ailəmə Ünvanlı Sosial Yardım verilməməsi barədə mətbuatda çıxış etdim. Bu barədə Ədliyyə Nazirliyinə elektron müraciətlə şikayət etdim. Ümid edirdim ki, bəlkə Ədliyyə Nazirliyi tərəfindən obyektiv araşdırma aparılacaq və qanuni tədbir görəcəklər.
Ancaq çox təssüf olsun ki, Ədliyyə Nazirliyindən müraciətimlə bağlı mənimlə telefon əlaqəsi yaradan və özünü təqdim etməyən şəxs açıq-aşkar Polad Nəcəflinin əməllərinə haqq qazandırdı. Həmin an yadıma düşdü ki, Polad Nəcəfli mənə hara şikayət etsəm də, nəticəsi olmayacağını demişdi.
Ortada olan qanunsuzluq faktının üstünü ört-basdır etmək istəyən Ədliyyə Nazirliyinin əməkdaşı görünür ki, Polad Nəcəflidən razı qalıb. Bu özbaşınalıqdır, qanunsuzluqdur. Biz 6 nəfərlik ailəmizlə birlikdə Polad Nəcəflinin qanunsuz əməllərinə etiraz olaraq 15 dekabr 2014- cü il tarixdən aclıq aksiyasına başlayırıq.
Onsuz da Polad Nəcəflinin qanunsuz əməlləri nəticəsində ünvanlı sosial yardım ala bilmədiyimizdən yoxsulluq həddində-ac və rəzil gündə yaşayırıq. Azyaşlı uşaqlarıma, 2-ci qrup əlil olan həyat yoldaşıma nə olacaqsa, bunun məsuliyyəti Göyçay rayon notariusu Polad Nəcəflinin və onu müdafiə edən Ədliyyə Nazirliyinin əməkdaşının üzərinə düşəcək.

Qeyd edim ki, mərhum qayınatamın avtomobilini idarə etmək üçün mənə verdiyi etibarnaməni ərizəm əsasında Göyçay rayon notariusu Polad Nəcəfli 08 May 2014-cü il tarixdə ləğv etsə də, qanunda göstərilən qaydada bu barədə Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi olaraq məlumat verməyib. Bunun üçün Göyçay rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi ailəmə ünvanlı sosial yardım verməkdən imtina etmişdir. Əsas isə göstərilmişdir ki, adınıza avtomobil idarə etmək üçün etibarnamə var və ləğv edilməmişdir.
Bununla əlaqədar Baş Dövlət Yol Polis İdarəsindən ərizələrimə cavab olaraq göndərilən məktublarda qeyd edilib ki, Göyçay rayon notariusu Polad Nəcəfli tərəfindən həmin etibarnamənin ləğv edilməsi barədə onlara müvafiq məlumat daxil olmayıb.
Mən buna görə Polad Nəcəflinin qəbulunda oldum. O, mənə qarşı çox kobudluq edib qışqırdı ki, "get hara istəyirsən şikayət et, mən burada xüsusi notariusam".
Çox get-gəldən sonra mənə şəxsən sənəd verdi ki, apar ver BDYPİ -nə. Orada isə mənə dedilər ki, bunu sizə nəyə görə verib. Notarius etbarnaməni ləğv edən kimi, elektron bazaya otuzdurmalıdır. Bəs o bunu nəyə görə etmir?
Onda başa düşdüm ki, notarius məndən qanuni vəzifə borcunu yerinə yetirmək üçün nəsə umur. Bildirirəm ki, Polad Nəcəflinin hərəkətlərindən vətəndaşlar çox əziyyət çəkirlər. Natariusda qanunda nəzərdə tutulan məbləğdən qat-qat çox rüsum alınır... Onun qanunsuz əməli nəticəsində 6 nəfərlik ailəmə düşəcək sosial yardımdan məhrum olduq. Onun fəaliyyətinin araşdırılmasını, bizə kömək etməyi xahiş edirik."

Şərhlər