Azərbaycanda hakimlərin seçilməsi test imtahanı, yazılı imtahan və müsahibə olmaqla, üç mərhələdən ibarət ola bilər. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin oktyabrın 4-də keçirilən iclasında müzakirəyə çıxarılan "Məhkəmələr və hakimlər haqqında" Qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
İndi hakim seçkisi iki mərhələdən - yazılı imtahan və müsahibədən ibarətdir.
Azərbaycan məhkəmələrində ümumilikdə 616 hakimin fəaliyyət göstərdiyi bildirilir. Vaxtaşırı hakimliyə imtahanlar keçirilir və yeni hakimlər təyin edilir.
Yeni layihəyə əsasən, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi üçün Məhkəmə-Hüquq Şurasının ixtisaslaşmış orqanının – Hakimlərin Qiymətləndirilməsi Komitəsinin yaradılması da nəzərdə tutulur.
İmtahanlar və müsahibəni Hakimlərin Seçki Komitəsi təşkil edəcək. Namizədlərin qiymətləndirilməsinin nəticələri Məhkəmə-Hüquq Şurasına təqdim olunacaq. Məhkəmə-Hüquq Şurası da, öz növbəsində, namizədlərin vakant hakim vəzifələrinə təyin edilmələri barədə müvafiq quruma təqdimat verəcək.
Məhkəmə-Hüquq Şurasından "Turan"-a bildirilib ki, dəyişikliklər hakimlərin seçilməsi prosesinin sürətləndirilməsi məqsədi daşıyır: "Məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə görülən tədbirlər çərçivəsində hakim vəzifəsinə namizədlərin seçimi fasiləsiz, müasir beynəlxalq tələblər səviyyəsində və şəffaf prosedurlarla həyata keçirilir".
Şuradan vurğulanıb ki, bu il dekabrın 15-də hakimliyə namizədlərin test imtahanı keçiriləcək və artıq 100-dən çox namizəd öz sənədlərini təqdim edib.
“AzPlitika.info”


Şərhlər
Istəyir 100i imtahandan keçsın, nə faydası? Hakimdə vicdan, şərəf, düzgünlük, ləyaqət olmadısa, neçə-neçə insanın ömrü çürüyür, həyatı məhv olur.
Əvvəlcədəndə Hakimliyə namisədlər üç imtahandan keçirdilər : Test imtahanı, yazılı imtanan və müsahibə. Dəyişiklikdə eyni şeydi və nə dəyişilib, bilmirəm.....