Menu

Dünya bir pəncərədir...

11.10.2024, 16:32
Dünya bir pəncərədir...

Allah-Təala həmişə çox istədiyi insanları vaxtından tez öz dərgahına aparır. Ona görə öz dərgahına aparır ki, belələrinin qədrini çoxlarımız yaxşı bilmirik. Allah da görür ki, bu cür bəndələrin qədrini yaxşı bilmirik, ona görə də götürüb aparır göy üzərinə.

Vaqif Bəhmənli şeirlərinin birində yazır: 

Ancaq Tanrı üzlü ruhlar

bilib uçurlar ora,

orda dönüb göy üzünə,

qulaq söyləyib göyə

Göy üzündən Allahın

Ayaq səsini dinləməyə...

Ruhları göy üzünə çəkilən adamlar orda Allahla bir yerdə də bəndələrdən uzaq rahat yaşayır. Ruhu Allaha qovuşan və həmişə haqqı-ədaləti hər şeydən üstün tutan insanlardan biri də Hacı İslam Məmmədovdur. O İslam Məmmədov ki, yaşadığı 67 il ərzində haqqı-ədaləti hər şeydən üstün tutub.

Sadə peşə adamı, məhəllənin dini mollası İslam Məmmədov 67 il yaşadığı ömrü şərəflə yaşayıb. Qonşuların, poçtalyon sadə peşə adamı kimi xidmət etdiyi ərazi sakinlərinin dərin hörmətini qazanmışdır. Həm ailəsinin, həm kəndinin, həm də çalışdığı yerlərdəki insanların yadında namuslu və kişi bir adam kimi qalıb. Ona görə qalıbdır ki, o, bu həyata gələndə dünyanı pəncərə sanmayıb və dünyada elə işlər görüb ki, o yaxşılıqlar onun qabağına çıxmasa da, balalarının, nəvələrinin qabağına çıxacaq.

Hacı İslam Məmmədov qəflətən dünyasını dəyişməsi xəbəri o qədər insanları sarsıdıb ki, saymaqla qurtarmaq olmaz.

Onu da qeyd etmək yerinə düşər ki, böyük bir ailənin yükünü İslam və İmam qardaşları çiyinlərində daşıyıblar. Onların bircə əməyi nəticəsində ailə inkişaf etmiş və ailə üzvüləri öz layiqli yerlərini tutmuşlar.

Hacı İslam kimi kişilər hələm-hələm dünyaya gəlmir. Çünki bu adam heç vaxt şəxsi maraqlarına xidmət etməyib, camaata rəhmətə gedənlərinə təmənnasız Qurani-kərim oxumaqdan mənəvi zövq alıb.

Hacı İslam Məmmədov elə bir adam idi ki, heç vaxt tərifi, xoş sözləri və təmtərağı xoşlamazdı. Kimsə ona elədiyi yaxşılığa görə minnətdarlıq eləyəndə o dəqiqə deyərdi ki, sən Allah, o barədə danışma.

Həmişə onu gülərüz, zarafatcıl və şirin söhbətlər eləyən adam kimi tanıyıblar. Hətta ömrünə bir neçə saat qalmış ömür-gün yoldaşı Səidə xanımla şirin zarafatlar edərək qonşunun oğlunun toy məclisinə gedir. Doğmaları da bu zarafatı eşidəndən sonra deyiblər ki, tay İslamın heç nəyi yoxdur, sap-sağlamdır. Amma bir neçə saat keçdikdən sonra, o toy şənliyində dünyasını dəyişir. O, dünyasını dəyişəndə də o əcəlin qabağında kiçilməyib. Ölümə gülüb və qəhqəhə çəkib, həyatda necə mərd yaşayıbsa, ölümü də elə bir mərdliklə qarşılayıb.

Elin hörmətini qazanan Hacı İslamın üç övladı, altı nəvəsi var. Nəvəsi Naxçıvanda Dövlət Universitetinin Tibbi fakültəsində oxuyur.

Allah-Təala ona nəvə şirinliyi də qismət eləyib. Ancaq neyləmək olar ki, Allah-Təala çox istədiyi insanları onun qədrini bilməyən bəndələrin yanında qoymaq istəmir. Görür ki, bəndələrdə bu insanların mərdliyini, dəyanətini və kişiliyini qiymətləndirə bilmir, aparır öz dərgahına.

Şair Vaqif Bəhmənlinin “Dünyadan köçəndə” şerini oxuyanda bu misra istər-istəməz ürəyimin sarı siminə toxundu. Elə bil ki, şair həmin misranı Hacı İslam haqqında yazıb.

Yumaram gözümü görən harda mən, 

Nə zaman sönərəm şam kimi səssiz… 

Kiminsə saçına səpilər ağ dən, 

Bu olar dünyaya məndən qalan iz. 

Yarımçıq kəsməyin toyu - düyünü, 

Şənliyə boylanan ömür gözəldir. 

Heç kim ağlamasın mən ölən günü, 

Göz yaşı vaxt alır, ömür gözəldir.

Yaxınları, doğmaları inana bilmirlər ki, nə vaxtsa qapı döyülməyəcək və Hacı İslam bu qapını açıb içəri girməyəcək. Hacı İslam Məmmədov heç kimin ağlamasını, saçını yolmasını, dizinə döyməsini istəməzdi. Heç dəbdəbəli yaş məclisi qurulmasını da arzulamazdı. Ona görə ki, bu adam dünyaya necə sadə gəlmişdisə, elə o sadəliklə də Allahın dərgahına qovuşdu.

Ruhu Allahın dərgahında olan bu insanlar bu dünyada sakitlik tapmasalar da Allahın dərgahında bəlkə sakitlik tapalar.

Bir daha bu gür dəyərli İnsan olan Hacı İslamı Allah rəhmət eləsin, qəbri nurla dolsun, ruhu şad olsun.

Qələmə aldı: İsmayıl Mustafaoğlu

Şərhlər

İ.Mustafaoğlu 2024-10-21 21:34:58

Allah rəhmət eləsin, məkanı cənnət olsun !

Mücürü 2024-10-13 21:43:28

Hacı İslamı Allah rəhmət eləsin, məkanı cənnət, ruhu şad olsun!

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol