Menu

“Məcburetmə mexanizmi qurulmalıdır” – Ekoloq yüksək cərimələrə haqq qazandırır

14.10.2024, 17:33
“Məcburetmə mexanizmi qurulmalıdır” – Ekoloq yüksək cərimələrə haqq qazandırır

“Cərimə inzibati xətalara görə çəkindirmə vasitəsidir. Ölkədə cərimələrin artırılması ilə bağlı qərar verənlər istəyirlər ki, həmin o inzibati pozulmaların qarşısını alsınlar. Yəni, ətraf mühitə atılan tullantıların miqdarı azalsın".

“AzPolitika” xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yanında İctimai Şuranın üzvü, ekoloq Rövşən Abbasov “Turan”-a cərimələrin yüksək həddə artrılması barədə qərarları şərh edərkən deyib.

Xatırladaq ki, tütün məmulatlarının, məişət tullantılarının ətraf mühitə atılmasına görə cərimənin məbləği artırılır. Bununla bağlı İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər Milli Məclisdə artıq birinci oxunuşda qəbul edilib. Hazırda məişət tullantılarının tutumlardan (urnalardan) kənar yerlərə atılmasına görə cərimə 50 manat təşkil edir. Dəyişikliyə əsasən, eyni əmələ görə fiziki şəxslər 300, vəzifəli şəxslər 1000, hüquqi şəxslər 4000 manat cərimə ediləcək.

Tütün məmulatları tullantılarının da ətraf mühitə atılmasına görə cərimə 50 manatdan 300 manata qaldırılır. Eyni qaydanın bir il ərzində təkrar törədilməsinə görə 700 manat cərimə, yaxud işin hallarına görə xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, 60 saatdan 100 saatadək ictimai işlər tətbiq olunur. Eyni zamanda, metropolitendən istifadə qaydalarının pozulmasına görə cərimələr 15 manatdan 200 manata qaldırılır.


R.Abbasovun fikrincə, bunun nəticəsi müsbət ola bilər: "Bir şərtlə ki, insanların arasında maarifləndirmə işi də aparılsın. Çünki elə olur ki, cərimə hətta mövcud olduğu halda, onun məcburetmə mexanizmi yaxşı olmur. Hazırda söhbəti gedən cərimələr onsuz da var idi. Məsələn, avtomobildən tullantı atıldığına görə 50 manat cərimə var idi, lakin bu, heç də müsbət nəticəni verməmişdi, çünki məcburetmə mexanizmi yox idi. Amma maşının sürət həddini aşdığına görə cərimə mexanizmi yaxşı işləyir. Burada da eyni sistem qurulmalıdır".

Onun sözlərinə görə, belə bir sistem qurularsa, sonrakı mərhələdə bu, öz müsbət nəticəsini verəcək: "Belə məsələlərdə cərimə birinci mərhələdə rol oynayır, sonrakı mərhələdə isə artıq insanlar şüurlu olaraq bu hərəkətlərin doğru olmadığını başa düşür və yeni şəraitə uyğunlaşırlar".

Ekoloq qeyd edib ki, Avropa ölkələrində bu, belədir: "Orada heç kəs adıçəkilən hərəkətləri etmir və orada, ümumiyyətlə, belə şeylərə dözümlük yoxdur. Almaniyada buna görə çox ciddi cəzalar var. Yaponiyada isə tullantı probleminə görə hətta cinayət işi də açıla bilər".

Xatırladaq ki, Avropa ölkələrindən Avstriyada insan kağız parçasını küçədə atarsa, bunun cəriməsi 90-100 avrodur. Böyük Britaniyada bu əmələ görə 80 funt sterlinq cərimə yazılır. Almaniyada tullantılarla bağlı cərimələr 300 avrodan başlayır. Okeanın o tayında, Amerika Birləşmiş Ştatlarında (ABŞ) isə buna görə 500 dollar cərimə və ya 1 aylıq həbs tətbiq edilir. Lakin sözügedən ölkələrdə insanların orta aylıq gəliri bir neçə min avrodur.

“AzPolitika.info”

Şərhlər

ee 2024-10-15 06:05:35

Almaniyada minimum 1500 maashdi, bizde ne qederdi? bunu bilmek cetin deyil axi , siz neyi qoyub neyi axtarirsiz ay EKOLoq

Rasim Quliyev 2024-10-15 00:29:57

345 emrk haqqi ver cerimede ele 500 bravo

Rafiq 2024-10-14 22:05:27

Əhalinin səksən faizi elə 300 manat civarında maaş alır.Cəriməni ödəyəndən sonra ac qalmalıdır.Almaniyada minimum əmək haqqı 1600 avro,yəni 3200 manatdı.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol