ABŞ-nin keçmiş prezidenti Donald Tramp növbəti dəfə Vladimir Putinlə şəxsi münasibətləri barədə danışıb.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Tramp onun prezidentlik müddəti bitdikdən sonra da Putinlə telefon əlaqəsi saxlamasına dair məlumatlara şərh verməkdən yayınıb. Qeyd edək ki, bu barədə tanınmış amerikalı jurnalist Bob Vudvord özünün “Müharibə” adlı kitabında yazıb.
Tramp bu məlumatı nə təsdiq, nə də təkzib edib: “Mən bunu şərh etmirəm, amma sizə bunu deyəcəyəm: əgər mən bunu etmişəmsə, deməli bu, ağıllı bir işdir. Əgər insanlarla dostamsa, insanlarla münasibət qura bilirəmsə, bu, dövlət nöqteyi-nəzərindən pis deyil, yaxşı bir şeydir”.
Daha sonra o qeyd edib ki, “Putinin də bizim kimi 2000 nüvə başlığı var”(əslində 5500-dən çoxdur-red.).
Tramp hətta hazırda Ukraynada qanlı işğalçılıq müharibəsi aparan Putini tərifləməkdən belə çəkinməyib: “Rusiyanın heç vaxt bu qədər hörmətli prezidenti olmayıb. Amma az-çox vacib hesab etdiyim odur ki, mən Rusiyaya gəldim və insanlar dedilər ki, o (Tramp - Red.) Putini sevir, Putin də onu sevir”.
“AzPolitika.info”


Şərhlər