Vaşinqton Şimali Koreya qoşunlarının Rusiya tərəfindən Ukraynadakı hərbi əməliyyatlarda iştirak etməsi ilə bağlı xəbərlərdən narahatlığını bildirib. ABŞ Prezidenti yanında Milli Təhlükəsizlik Şurasının sözçüsü Şon Savet deyib ki, xəbərlər təsdiqini taparsa, bu, Şimali Koreya ilə Rusiya arasında müdafiə sahəsində əməkdaşlığın əhəmiyyətli dərəcədə artması demək olacaq. Onun sözlərinə görə, belə bir addım Rusiyanın döyüş meydanında verdiyi ciddi itkilərə görə həddindən artıq ümidsizliyə dəlalət edir.
ABŞ dəfələrlə Pxenyanı keçmişdə Rusiyaya döyüş sursatları və ballistik raketlər verməkdə ittiham edib. Moskva bu ittihamları rədd edib. Ötən həftə Cənubi Koreyanın müdafiə naziri bildirib ki, 13 oktyabrda Ukraynada Şimali Koreya qoşunları arasında itkilərin olması ehtimalı böyükdür, Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, Şimali Koreya Rusiyanı təkcə silahla deyil, həm də əsgərlərlə təmin edir.
Hələlik Şimali Koreya hərbçilərinin Rusiya tərəfindən Ukraynada gedən döyüşlərdə iştirakının rəsmi təsdiqi yoxdur.
“Reuters” xəbər agentliyinin məlumatına görə, ABŞ-ın Hind-Sakit Okean bölgəsindəki qüvvələrinin komandanı, general Çarlz Flinn Vaşinqtonda çıxışı zamanı Şimali Koreya əsgərlərinin Ukraynadakı döyüş zonasında olması ilə bağlı xəbərdarlıq edib. O, bəyan edib ki, bu barədə açıq mənbələrdə məlumatlar var. Bu, Pxenyana silahlarının, sursatlarının və hətta əsgərlərinin döyüş effektivliyini qiymətləndirməyə kömək edəcək.
Vladimir Putinin bu ilin iyununda Pxenyana səfəri zamanı Rusiya ilə KXDR arasında onlara hücum zamanı qarşılıqlı hərbi yardım haqqında saziş imzalanıb. Daha sonra Putin Şimali Koreya ilə hərbi-texniki əməkdaşlığı inkişaf etdirmək niyyətində olduğunu açıqlayıb.
“AzPolitika.info”


Şərhlər