Menu

COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb

17.10.2024, 17:45
COVID-19-la mübarizədə iştirak edən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.

Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2025-ci il yanvarın 1-dək veriləcək.

Əvvəl bu müddət 2024-ci il oktyabrın 1-dək müəyyən edilmişdi. Qeyd edək ki, COVID-19 infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına müddətli əlavənin məbləği aşağıdakı kimi müəyyən edilib:

- tibbi profilaktik tədbirləri həyata keçirən işçilərə - aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində; - təcili tibbi yardım xidməti göstərən tibb işçilərinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan laboratoriya işçilərinə, o cümlədən Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun işçilərinə - aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində; - pasiyentlərə stasionar tibbi xidmət göstərən işçilərə - aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində. Müddətli əlavə iş vaxtına mütənasib olaraq ödənilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol