Rusiyanın genişmiqyaslı işğalı başlayandan bəri Ukrayna əhalisi 10 milyon nəfər azalıb. Bu, əhalinin dörddə biri deməkdir.
“AzPolitika” xəbər verir ki, bunu “Reuters” agentliyi BMT-nin Əhali Fondunun Şərqi Avropa üzrə rəhbəri Florens Bauerə istinadla yazıb.
BMT sözçüsü deyib ki, milyonlarla qaçqının ölkəni tərk etməsi, doğumun azalması və rusların əli ilə öldürülənlərin sayı Ukraynada onsuz da çətin olan demoqrafik vəziyyəti daha da çətinləşdirib: “Doğum kəskin şəkildə aşağı düşüb və indi hər qadına təxminən bir uşaq düşür ki, bu da dünyada ən aşağı göstəricilərdən biridir. Əhalinin sabit qalması üçün bir qadına 2,1 uşaq düşməlidir”.
Bauer deyib ki, müharibənin Ukrayna əhalisinə necə təsir etdiyini dəqiq hesablamaq üçün münaqişənin bitməsini və tam siyahıyaalmanın aparılmasını gözləmək lazım olacaq.
Ukrayna əhalisinin azalmasına ən böyük “töhfə” qaçqınların payına düşür – 6,7 milyon insan Rusiyanın təcavüzü səbəbindən ölkəni tərk edib. Həmçinin, yeni doğulanlarla ölənlər arasında kəskin say fərqi var. Müharibədə ölənlərin sayı da az deyil və müxtəlif mənbələr fərqli rəqəmlər səsləndirir. Müharibədən sonra qaçqınların təxminən üçdə biri, ən yaxşı halda isə yarısı Ukraynaya qayıdacaq. Bu proqnozu Ukrayna Milli Elmlər Akademiyasının Demoqrafiya və Sosial Tədqiqatlar İnstitutunun direktoru Ella Libanova verib. Bu da təxminən 3 milyon nəfər deməkdir.
“AzPolitika.info”


Şərhlər