Etibar Əliyev fəlsəfə üzrə fəlsəfə doktoru
Azərbaycana qarşı bütün təhdidlər Böyük Zəfərimizlə bağlıdır. Sinirə bilmirlər. Ermənipərəst qüvvələr ideoloji cəbhədə çox aktivdilər. Bizə qarşı törədilən genosid, urbisid, ekosid, kultursid kimi Beynəlxalq cinayətlərə göz yumdular. Minlərlə azərbaycanlının analoqu olmayan vəhşiliklərlə qətlə yetirilməsinə reaksiya vermədilər. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında İslam dininin dəfələrlə təhqir olunmasından danışıb. "The Guardian" və “The Economist” kimi dərgilər ifrat vicdansızlığa yol verərək bizə qarşı edilən haqsızlıqlardan, vəhşiliklərdən yazmadılar. İnsan haqları onlar üçün artıq məkrli niyyətlərini həyata keçirmək üçün alibiyə çevrilib.
XX əsrin tarixi birmənalı olaraq sübuta yetirir ki, bu gün dünyada baş alıb gedən terrorizmin əsasında din problemi , daha doğrusu, bəzi dövlətlərin məharətlə istifadə etdikləri dini ayrıseçkilik faktoru durur. Yeri gəlmişkən, bu proses birbaşa ingilislərin adı ilə bağlıdır. İki misala müraciət edək.
Məlum olduğu kimi İrlandiya vaxtilə İngiltərənin müstəmləkəsi olmuşdur və əhalisi də ingilislərdən fərqli olaraq katolisizm inancını qoruyub saxlaya bilmişdir. Lakin müstəmləkə dövründə bəzi irlandiyalılar müəyyən səbəblərə görə protestantlığı qəbul etmişdilər. Milli-azadlıq hərəkatı İrlandiyanın müstəqil dövlətə çevrilməsinə səbəb oldu. Lakin protestant irlandiyalılar Böyük Britaniyanın tərkibində qalmağı üstün tutdular. Müstəqil İrlandiyanın tərkibində onlar avtomatik şəkildə dini azlığa çevriləcək və represiyalara məruz qalacaqdılar. İngilislər öz imperiya mənafelərindən çıxış edərək ölkənin cənubuna müsəqillik verdilər, protestantların çoxluq təşkil etdikləri şimalı isə Böyük Britaniyanın tərkibində saxladılar. Bu halda avtomatik olaraq katoliklər dini azlığa çevrildilər.
Məhz irland katolikləri XX əsr terrorizminin mənbəyində dururlar və əslində terrorizm ilk dəfə sistemli siyasi akt kimi protestant xristianlarla katolik xristianlar arasındakı ziddiyyətdən doğmuşdur. Bu, çağdaş dövrdə beyinlərə yeridilən əzəli “xristian humanizmi” və “islam vəhşiliyi” haqqında mifin əsassız olduğunu sübuta yetirir.
İngilislər bu eksperimenti bir qədər başqa səpgidə, lakin eyni uğurla Hindistan və Pakistan arasında dini təfriqə yaratmaqla həyata keçirtdilər. Müstəmləkə sistemi dağılanda ingilislər çox gözəl başa düşdülər ki, son dərəcə böyük potensiala malik olan Hindistan və Pakistan güclü dövlətlərə çevrilə bilərlər. Onları zəiflətməkdən ötrü bu iki dövlət arasında dini ayrılığı dini düşmənçiliyə çevirmək və əbədi təfriqə yaratmaq məqsədini ortaya qoydular. Bu məqsədlə əhalisinin əksəriyyəti müsəlman olan Kəşmir əyalətini Pakistanın yox, Hindistanın ərazisinə qatdılar. Aydın məslədir ki, həm yerli əhali, həm də Pakistanın əhalisi buna qarşı çıxış etməliydi və çıxış edir. Lakin bu da bir həqiqətdir ki, bu ziddiyyət həm Hindistanı, həm də xüsusilə Pakistanı zəiflədir.
Dünyada əbədi münaqişələr yaradan bəzi dövlətlər Azərbaycanda məkri siyasətlərini sona qədər davam etdirə bilmədi. Azərbaycan güclü liderinin rəhbərliyi və xalqın iradəsi ilə torpaqlarını işğaldan azad etdi və terrorizmin kökünü kəsdi.
Bəzi ingilis, amerika, fransız dairələrini əndişələndirən budur.


Şərhlər