Menu

Lavrov müharibədən sonra ilk dəfə Avropaya ayaq basa bilər – Malta nazirə dəvət göndərəcəkmi?

01.11.2024, 17:04
Lavrov müharibədən sonra ilk dəfə Avropaya ayaq basa bilər – Malta nazirə dəvət göndərəcəkmi?

Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov dekabrda Maltaya səfər edərək ATƏT-ə üzv ölkələrin Nazirlər Şurasının iclasında iştirak etməyi planlaşdırır.

“AzPolitika” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Vedomosti” nəşrinə müsahibəsində deyib.

Əgər Malta Lavrovu qəbul edəcəksə, bu, onun 2022-ci ilin fevralından, Rusiya ordusunun Ukraynaya genişmiqyaslı işğalından sonra Avropa İttifaqı (Aİ) üzvü olan ölkəyə ilk səfəri olacaq.

Sergey Lavrov Ukraynaya qarşı müharibəyə görə Avropa İttifaqı tərəfindən sanksiyaya məruz qalan yüksək rütbəli rusiyalı məmurlardan biridir.

Zaxarovanın sözlərinə görə, ATƏT-in iclasına ev sahibliyi edən ölkə təşkilata üzv olan bütün dövlətlərin rəsmilərini qəbul etməyə borcludur.

Maltanın Moskvadakı səfirliyindən “Vedomosti”yə bildiriblər ki, ATƏT Nazirlər Şurasının iclasının dekabrın 5-6-da keçirilməsi barədə qərar Rusiya da daxil olmaqla bütün üzvlərə aiddir və praktiki detallar, o cümlədən dəvət uyğun vaxtda ATƏT-in bütün nümayəndə heyətlərinə çatdırılacaq. Səfirlik sanksiyalar səbəbindən Lavrovla bağlı yaranmış vəziyyəti şərh etməyib.

Rusiyanın xarici işlər naziri sonuncu dəfə 2021-ci ilin dekabrında Aİ-yə üzv dövlətdə, daha sonra isə İsveçin paytaxtı Stokholmda keçirilən ATƏT Nazirlər Şurasının iclasında olub.

Lavrov ABŞ-ın sanksiya tətbiq etdiyi şəxslər arasındadır, lakin söhbət BMT-yə gələndə onun ABŞ-a girişinə qadağa qoyulmur, çünki bu halda o, rəsmi Vaşinqtonun deyil, Birləşmiş Millətlər Təşkilatının qonağı sayılır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol