Cəmiyyətimizdə müxtəlif avtomobil markalarına geniş maraq olduğu kimi, onların nömrələrinə də xüsusi diqqət var. Xüsusən gənc sürücülər arasında maşın nömrələrində eyni hərfin və rəqəmin təkrar olunması cəlbedici hesab olunur. Bu kimi səbəblərdən bir çox hallarda fantastik qiymətlərə dövlət nişan nömrələrinə rast gəlmək olur.
"AzPolitika" xəbər verir ki, Yenisabah.az satış saytlarında ən yüksək məbləğlərə təklif olunan avtomobil nömrələrini araşdırıb.
Elanlara nəzər yetirdikdə nişan nömrələrinin minimum 500 manatdan başlayıb, 100 min manatadək davam etdiyini görmək olar. Rəqəm və hərf təkrarının daha çox olması nömrələrin qiymətini artıran əsas faktor hesab olunur. Nisbətən sadə görünən və daha çox qarışıq simvollardan ibarət olan nişanlar isə ucuzdur. Məsələn, saytların birində qarşımıza çıxan “10-BB-200” nömrə nişanı 55 min dollara təklif olunur. Digər bir elanda dərc olunan “10-GG-666” yazılı nömrə isə 60 min manatdır.
Görünən odur ki, bu cür bahalı nömrələrə tələbat da həddən çoxdur. Araşdırmamız onu göstərdi ki, hətta yuxarıda sadaladığımız qiymətlərdən dəfələrlə daha baha təklif olunan maşın nömrələri də olub. Maraqlısı isə odur ki, bu tendensiya dünyanın demək olar ki, heç bir yerində yoxdur. Belə nömrələrin qiymətinə ən lüks maşın, hətta tam təmirli ev də almaq mümkündür. Bu nümunədən də bəlli olur ki, hansısa məhsulun qiymətinin onu keyfiyyəti deyil, ona olan tələb müəyyən edir.


Şərhlər
Nömrə ilə fəxr edənlə qızıl dişlə fəxr edənin arasında heç bir fərq yoxdur. İkisi də "ÇMO"-dur
Bəli, bu nömrələri həmin qiymətlərə alıb maşına bağlayanda, "həmin maşınlar heç bir xərc tələb etmir, yəni maşının yağını dəişdirmirsən, yanacaq vurmursan, palçıq və kir götürmür, qəza ehtimalı 0-dır, və ən nəhayəti DYP tərəfindən cərimə və saxlanma ehtimalı da yoxdur." Bir sözlə otur sür...