Son günlər Rusiyanın Ukraynada və Kursk vilayətindəki hücum əməliyyatları əvvəlki bir-iki ayla müqayisədə ləngiməyə başlayıb.
“AzPolitika” xəbər verir ki, bu barədə “Radio NV”-yə danışan ukraynalı hərbi analitik Mixail Jiroxovun fikrincə, Rusiyanın hücumu davam etsə də, qismən cilovlanmağa başlayır.

Ekspert hazırda iki amilin müşahidə edildiyini deyib: “Birinci amil odur ki, Kursk istiqamətindən birliklər tədricən Donbasa köçürülməyə başlayır. Yəni, əks proses işə salınıb. İkincisi, hava şəraiti vəziyyətə müəyyən təsir göstərməyə başlayır”.
O əlavə edib ki, ruslar irəliləməkdə davam edirlər, lakin onların ABŞ seçkiləri ilə bağlı planları baş tutmayıb. Ona görə də strategiyanı dəyişmək məcburiyyətində qalacaqlar: “Seçkilər öncəsi bir fürsət gördülər və fikirləşdilər ki, yaxın aylarda ABŞ-də xaos olacaq, onlar daha da irəliləyə biləcəklər. Hərbi rəhbərlik hücum planlarını tənzimləməyə və son həftələrin hücumlarındakı itkiləri hesablamağa başlayır. Onlar yaxın gələcəkdə bir istiqamət seçərək, güclərini oraya toplamağa çalışacaqlar”.
“AzPolitika.info”


Şərhlər