Sevastopolda avtomobilin partlaması nəticəsində bir Rusiya hərbçisi həlak olub.
“AzPolitika” xəbər verir ki, bu barədə Rusiya hakimiyyəti tərəfindən təyin edilmiş şəhər qubernatoru Mixail Razvojayev məlumat verib: “Mərhum hərbçidir... Təxribat ehtimalını istisna etmək olmaz”.
“Mash” teleqram kanalının məlumatına görə, Qara Dəniz Donanmasının 41-ci raket gəmiləri və katerləri briqadasının qərargah rəisi, 47 yaşlı 1-ci ranqlı kapitan(polkovnik) Valeri Trankovski avtomobilinin partladılması nəticəsində hər iki ayağını itirib və qan itkisindən dünyasını dəyişib. Həmçinin, kanalın məlumatına görə, hərbçi bundan öncə təxminən 7 gün izlənilib. Partlayıcı qurğu sürücü tərəfində avtomobilin altına bərkidilib və avtomobil Şevçenko küçəsi ilə hərəkətdə olarkən uzaqdan işə salınıb.

Ukrayna mətbuatı Trankovskinin Ukrayna kəşfiyyatı tərəfindən məhv edildiyini yazıb: “Trankovski Qara dənizdən Ukraynadakı mülki hədəflərə qanadlı raketlər atmaq əmri verən hərbi cinayətkar və qanuni hədəf idi. O, 2022-ci ilin iyulunda Vinnitsanı “Kalibr”lə atəşə tutub. Həmin vaxt 29 dinc sakin həlak olmuşdu”.
“AzPolitika.info”


Şərhlər