Silahlı müxalif qrupların Dəməşqə hücumuna görə Suriya prezidenti postunu qoyub qaçan Bəşər Əsəd hakimiyyət dəyişikliyindən sonra ilk açıqlamasını verib.
“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, yaydığı rəsmi bəyanatda Əsəd iddia edir ki, guya vətəndaş müharibəsi və ondan sonrakı hadisələr zamanı heç vaxt istefa vermək və sığınacaq istəmək barədə düşünməyib.
Onun sözlərinə görə, o, dekabrın 8-i səhər tezdən - silahlı dəstələr paytaxta yaxınlaşan vaxta qədər Dəməşqdə qalıb və yalnız həmin günün axşam saatlarında Suriyanı tərk edib. Bəyanatda deyilir ki, o, Dəməşqdən əvvəlcə Rusiyanın Xmeymim aviabazasına gedib və orada paytaxtın üsyançılar tərəfindən tutulmasından xəbər tutub. Bundan sonra Əsəd “terrorçular tərəfindən ələ keçirilən ölkədə” prezident olaraq qalmağı mənasız hesab edib.
Əsədin sözlərinə görə, o, qaçmayıb, sadəcə, “hərbi əməliyyatları izləmək və rus müttəfiqlərilə koordinasiya aparmaq üçün” Latakiyaya gedib: “Latakiyadakı bazaya çatanda qüvvələrimizin bütün döyüş mövqelərindən tamamilə geri çəkildiyi, ordunun son mövqelərinin düşdüyü məlum olub və vəziyyət pisləşməkdə davam edib”. Suriyanın eks-prezidenti vurğulayıb ki, bundan sonra Moskva ona Rusiyaya təcili təxliyə təklif edib: "Bu, Dəməşqin süqutundan bir gün sonra, son hərbi mövqelərin süqutundan və bunun nəticəsində bütün qalan dövlət qurumlarının iflic olmasından sonra baş verdi".
Keçmiş prezident iddia edir ki, guya bu hadisələr zamanı o, “heç vaxt istefa vermək və ya sığınacaq istəmək haqqında düşünməyib”.
Əsəd açıqlamasında bildirib ki, üsyançıların hücumu zamanı “terror bütün Suriyaya yayılıb və nəticədə dekabrın 7-si axşam Dəməşqə çatıb”.
Əsəd əlavə edib ki, onun bəyanatı daha əvvəl dərc edilməli idi. Lakin "təhlükəsizlik səbəbindən rabitənin tamamilə kəsilməsi də daxil olmaqla, o zaman hökm sürən şərtlər bu bəyanatın yayımlanmasını gecikdirdi".
Maraqlı olan yalnız odur ki, indi heç bir dəyəri və mənası olmayan bu bəyanat nədən bu qədər gecikdirilib? Görünür, öz şəhərlərini bombalayan, yüzminlərlə günahsız insanın ölümünə, milyonlarla suriyalının qaçqın düşməsinə səbəbkar olan Əsəd son günə qədər müttəfiqləri İran və Rusiyadan hansısa addımlar gözləyib…
“AzPolitika.info”



Şərhlər