Ermənistanın Metsamor Atom Elektrik Stansiyasının (AES) direktoru Qaqik Martirosyan işdən çıxarılıb, müavini isə həbs olunub.
Virtualaz.org saytı xəbər verir ki, bu haqda “Qraparak” qəzeti yazıb. Məlumata görə, direktorun səlahiyyətlərinin icrası AES-in baş mühəndisi Movses Vardanyana həvalə edilib.
Qəzetin yazdığına görə, kadr dəyişikliyi “milli təhlükəsizlik məsələsi” ilə bağlıdır.
Maraqlıdır ki, Ermənistanın Energetika və Təbii Ehtiyatlar Nazirliyi direktorun işdən çıxarılmasına şərh vermir.
“Sanki strateji obyektin direktorunu yox, hansısa kənd montyorunu işdən çıxarıblar. Biz aydınlaşdırmışıq ki, direktorun müavinləri də işdən çıxarılıb, onlardan biri həbs olunub” - deyə qəzet yazır.
Direktorun səlahiyyətlərini icra edən M.Vardanyan isə keçmiş direktorun “öz ərizəsi ilə” işdən çıxdığını deyib. O, həbs olunanların oldğunu da təsdiqləyib, ancaq bunların indiki işçilərdən olmadığını deyib.
“Direktorun kommersiya üzrə keçmiş müavini Rubik Movsisyan həbs olunub, istintaq gedir” - deyə Vardanyan bildirib.
Ehtimal edilir ki, AES-in rəhbərliyi iri maliyyə yeyintilərində şübhəli bilinir.


Şərhlər