"Kolleclərdə bəzi fənlər üzrə hazırlıq onsuz da aparılmırdı. Məsələn, kimya, fizika, biologiya və riyaziyyat müəllimləri ali təhsil müəssisələrində hazırlanır. Kolleclərdə isə, əsasən, ibtidai sinif, musiqi, təsviri incəsənət və digər fənn müəllimləri hazırlanır".
"AzPolitika" xəbər verir ki, bunları Elm və təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, kolleclərdə, əsasən, ibtidai sinif və məktəbəqədər təhsil üzrə müəllim hazırlığı məhdudlaşdırılacaq.

Keçmiş millət vəkili, elm və təhsil bilicisi Etibar Əliyev bildirib ki, nazirin dediklərində müəyyən həqiqət var: "Məsələnin digər tərəfi ondan ibarətdir ki, biz müstəqillik qazandıqdan sonra təhsilin bu pilləsini inkişaf etdirə bilmədik. Yalnız ad dəyişdi. "Texnikum" anlayışı "kollec" anlayışı ilə əvəzləndi. Kolleclərin ali məktəblərin nəzdinə verilməsi nəyi dəyişdi? Kolleclərdə ən ciddi problem müəllimlə bağlıdır. Əslində ali məktəblər kolleclər üçün müəllim hazırlığını ön plana çəkməli idilər. Ancaq ali məktəblərin özündə müəllim hazırlığı yetərlidirmi? Çox ciddi problemlər mövcuddur".
Etibar Əliyev vurğulayır ki, Qərbdə universitetlərlə rəqabət aparan kolleclər təhsilin bu pilləsinin sürətlə inkişafına səbəb oldu. Onun sözlərinə görə, Qərb kollecləri ali məktəb statusundadır: "Təhsilin bu vacib pilləsinin zəiflədilməsi bizim təhsil sisteminə yaxşı heç nə vəd etmir. Bizdə Kollec təhsilini əsasən qızlar seçir. Kollecləri “İbtidai təhsil” və digər ixtisaslar üzrə bitirmiş qızlar iş tapmaqda çətinlik çəksələr belə, ən azından gələcəkdə övladlarının təhsilinə diqqət yetirirlər. Əgər ali məktəblər onların nəzdində fəaliyyət göstərən kolleclərdə təhsilin keyfiyyətində əsaslı dəyişiklik yarada bilmirsə, bu təhsil müəssisələrinə muxtariyyat vermək lazımdır".
Ekspert sonda indi kolleclərdən Azərbaycan Dövlət Pedaqoji Universitetinin nəzdində Azərbaycan Dövlət Pedaqoji Kollecinin adına diqqət etməyi tövsiyə edir.
Rasim Əliyev
"AzPolitika.info"


Şərhlər