ABŞ Prezidenti Donald Tramp 5 milyon dollarlıq yaşayış icazəsinin - "Qızıl kart" adlanan kartın satışını elan edib. "Bu, sizə yaşıl kartın üstünlüklərini verəcək, həm də vətəndaşlığa aparan yol olacaq. Zəngin insanlar ölkəmizə gəlib bu kartı alacaq", - Tramp bildirib.
Onun fikrincə, kart sahibləri çox pul xərcləyəcək, çoxlu vergi ödəyəcək və çoxlu adamı işə götürəcək. ABŞ Prezidenti iki həftə ərzində yeni proqramın təfərrüatlarını vəd edib.
Jurnalistlərin rus oliqarxlarının “Qızıl kart”ı ala biləcəkləri ilə bağlı sualına cavabında Tramp deyib ki, bu mümkün olacaq. “Mən bir neçə rus oliqarxını, çox gözəl insanları tanıyıram”, - o qeyd edib.
“Qızıl kart”, investorlardan Amerika iqtisadiyyatına ən azı 800.000 dollar investisiya qoymağı və iş yerləri yaratmağı tələb edən hazırkı EB-5 immiqrant investor vizası proqramını əvəz etmək üçün nəzərdə tutulub. ABŞ-nin ticarət naziri Hovard Lutnik bunu tam cəfəngiyyat və saxtakarlıq adlandırıb. "Bu, aşağı qiymətə “yaşıl kart” əldə etməyin bir yolu idi", - o deyib. Lutnik əlavə edib ki, "Qızıl kart”ların satışından əldə edilən pul ABŞ-nin büdcə kəsirini azaltmaq üçün istifadə oluna bilər.
“AzPolitika.info”


Şərhlər