Avstraliyanın Sidney şəhərində “Lindt” kafesini ələ keçirmiş terrorçunun zərərsizləşdirilməsi zamanı həlak olanların adları açıqlanıb. “Media forum” saytı xəbər verir ki, 38 yaşlı vəkil Katrina Dousonun və 34 yaşlı kafe meneceri Tori Consonun həlak olduğu bəyan edilib. 6 nəfərin, o cümlədən 1 polis əməkdaşının yaralandığı bildirilir.
Dekabrın 15-i səhər saat 10-da şəhərin mərkəzindəki kafeni ələ keçirən terrorçu 20 nəfərədək qədər işçini və müştərini girov götürüb. Terrorçunun ölkənin baş naziri ilə görüş tələbi qoyduğu qeyd olunur. Uzun danışıqlar fayda verməyib və 17 saatdan sonra keçirilən polis əməliyyatında terrorçu öldürülüb.
Kafeni ələ keçirən şəxsin 50 yaşlı iranlı olduğu bilinib. 1964-cü ildə İranda doğulan Məhəmməd Həsən Məntiqi (Məntiqi Burcerdi) adlı bu şəxsin 1995-ci ildə dələduzluq ittihamı ilə cinayət məsuliyyətindən yayınmaq üçün ölkədən qaçdığı, 1996-cı ildə Avstraliyadan sığınacaq aldığı iddia olunur.
Məhəmməd Həsən Məntiqi Sidneydə Men Harun Munis (Şeyx Harun) kimi tanınıb. Onun əvvəllər ayrı-ayrı cinayətlər törətdiyi, psixikasında pozuntular olduğu deyilir. İddialara görə, Şeyx Harun Əfqanıstanda xidmət keçən yerli avstraliyalı hərbi qulluqçuların ailələrinə hədələyici məktublar göndərdiyi üçün ictimai işlər görməyə məhkum edilibmiş.
“Lindt” kafesində terrorçu bəzi girov qadınları üzü pəncərəyə sarı dayanıb üstündə ərəbcə “Allahdan başqa Allah yoxdur, Məhəmməd onun rəsuludur” yazılmış bayraq tutmağa məcbur edibmiş.
“Media forum” saytının İran mənbələrindən əldə etdiyi məlumata görə, Məhəmməd Həsən Məntiqi İranda mollalıqla məşğul olub, Avstraliyaya köçəndən sonra şiə məzhəbindən imtina edərək sinni məzhəbinə keçib və məhz buna görə özünü Şeyx Harun adlandırıb.


Şərhlər