Menu

“ABŞ-nin yardımı olmadan döyüşmək çətin olacaq, amma...” – Ukraynalı hərbçi

26.02.2025, 15:07
“ABŞ-nin yardımı olmadan döyüşmək çətin olacaq, amma...” – Ukraynalı hərbçi

 “Vladimir Putinlə razılığa gəlmək olar, lakin bir müddət sonra bu, daha qanlı yeni bir müharibəyə səbəb olacaq”.

“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Milli Qvardiyasının “Rubej” 4-cü operativ təyinatlı briqadasının pilotsuz sistemlər batalyonunun qərargah rəisi Yevgeni Oropay deyib.

Onun sözlərinə görə, Putin bir qatildir və onun ucbatından Ukraynada minlərlə dinc sakin həlak olub, onlarla yaşayış məntəqəsi dağıdılıb. “Putinlə razılaşmaq mümkündür, lakin bir müddət sonra bu, daha qanlı müharibəyə çevriləcək, çünki Rusiya buna hazırlaşacaq və artıq öz qüvvələrini və resurslarını düşünmədən israf etməyəcək”, – deyə Oropay vurğulayıb.

O, həmçinin Rusiya ilə istənilən razılaşmalara qarşı olduğunu xüsusi qeyd edib.

Oropayın sözlərinə görə, əgər Rusiya bu müharibədə qalib olduğunu düşünsə və cəzalandırılmasa, 5-10 il ərzində tamamilə hərbiləşəcək və yenidən Ukrayna ərazisinə hücum edəcək. O, əlavə edib ki, ABŞ-nin hərbi yardımı olmadan döyüşmək daha çətin olacaq, lakin Ukraynanın mübarizəyə davam etməkdən başqa yolu yoxdur: “Biz vuruşmalı, müdafiə xəttimizi saxlamalı, torpaqlarımızı azad etməli və müstəqilliyimiz uğrunda mübarizə aparmalıyıq”.

Onun sözlərinə görə, Ukrayna ordusunun strukturu və döyüş hazırlığı dəyişməli, hərbçilər qərar qəbul etməkdə daha müstəqil olmalıdırlar.

Bundan əlavə, Oropay bildirib ki, gələcəkdə süni intellekt hərbi məqsədlər üçün geniş şəkildə istifadə olunacaq.

“Elə bir an gələ bilər ki, 10 il sonra cəbhə xətti 10 kilometrlik neytral zona olacaq və orada sadəcə pilotsuz uçuş aparatları bir-birini məhv edəcək”, – deyə o xəbərdarlıq edib.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol