Menu

Avropaya özünün güclü ordusunu yaratmaq üçün 10 il vaxt lazımdır – “Tamamilə ABŞ-dən asılıyıq”

26.02.2025, 19:35
Avropaya özünün güclü ordusunu yaratmaq üçün 10 il vaxt lazımdır – “Tamamilə ABŞ-dən asılıyıq”

Avropa ölkələrinə döyüşə hazır silahlı qüvvələr və ABŞ-dən asılı olmayan güclü hərbi sənaye kompleksi formalaşdırmaq üçün təxminən 10 il vaxt lazımdır.

“AzPolitika” xəbər verir ki, Britaniyanın “The Economist” nəşrində dərc edilən yazıda belə deyilir.

Nəşrin fikrincə, bu gün bir çox Avropa ölkəsi üçün hətta cəmi bir ədəd tam döyüşə hazır briqada yaratmaq çətin olardı. Halbuki, Ukraynadakı müharibədə hazırda hər iki tərəfdən üst-üstə təxminən 230 belə briqada iştirak edir.

Yazıda qeyd olunur ki, Avropanın “Bruegel” analitik mərkəzinin hesablamalarına görə, müharibə vəziyyətində qitədə yerləşdirilməli olan 300 min ABŞ əsgərini əvəz etmək üçün Avropa 50 yeni briqada yaratmalıdır. Eyni zamanda, nəşrin qeyd etdiyi kimi, Avropa ölkələri ABŞ-dən hərbi baxımdan texnoloji asılılığı aradan qaldırmaq üçün xeyli vəsait ayırmalıdırlar.

Londonda yerləşən Kral Birləşmiş Müdafiə və Təhlükəsizlik Tədqiqatları İnstitutunun tədqiqatçısı Castin Bronk deyib ki, Avropa kəşfiyyat, müşahidə, hədəfin müəyyən edilməsi və digər hərbi məsələlərdə demək olar ki, tamamilə ABŞ-dən asılıdır. İnstitutun digər eksperti Metyu Savil isə Avropa ordusunun bütün qollarına investisiyaların lazım olduğunu deyib. Onun fikrincə, hətta kifayət qədər güclü hərbi hava qüvvələrinə malik olan Böyük Britaniyanın belə, məsələn, İsrailin Qəzza zolağında apardığı intensiv hava kampaniyası kimi uzunmüddətli əməliyyat apara bilməsi sual altındadır.

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol